Səhiyyə Nazirliyi Respublika GEM-də akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib

Aprelin 28-də Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra akademikin həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Respublika GEM-in Baş direktoru Sara Həsənova akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında göstərdiyi müstəsna xidmətlərdən, oftalmologiya sahəsində qazandığı mühüm elmi nailiyyətlərdən və çoxşaxəli fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Zərifə Əliyevanın zəngin elmi irsi və peşəkar fəaliyyəti Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayıb, onun tibb elminə verdiyi töhfələr bu gün də yüksək qiymətləndirilir.

Tədbir çərçivəsində Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental elmi tədqiqatlar, göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi istiqamətində tətbiq etdiyi yeniliklər barədə ətraflı məlumat verilib. Xüsusilə traxoma və peşə patologiyaları sahəsində həyata keçirdiyi araşdırmaların səhiyyənin inkişafına mühüm təsir göstərdiyi vurğulanıb.

Tədbirdə Respublika GEM-in epidemioloji məsələlər üzrə direktor müavini S.Nəcəfova,Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının məsləhətçisi T.Əlizadə və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin hüquqşünası K.Dəmirli çıxış edərək akademik Zərifə Əliyevanın zəngin elmi irsi, yüksək mənəvi keyfiyyətləri və səhiyyə sahəsindəki xidmətləri haqqında fikirlərini bölüşüblər.

Çıxışlarda bildirilib ki, akademik Zərifə Əliyevanın elmi irsi və mənəvi dəyərləri bu gün də səhiyyə işçiləri üçün örnək olmaqla yanaşı, Azərbaycan tibb elminin inkişafında mühüm istiqamətverici rol oynayır. Tədbirin sonunda akademikin xatirəsi dərin ehtiramla yad olunub.

Eyni zamanda,  Yeni Azərbayan Partiyası Nizami rayon təşkilartı tərəfindən uzun müddət  partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirak etmiş, partiya sıralarında fəallığı ilə seçilən F. İbrahimova və C. Əliyevaya Fəxri Fərman və gül dəstələri təqdim olunub.