Yevlax və Zərdab rayonlarında poliomielit üzrə epidemioloji nəzarət və immunlaşdırma tədbirlərinə dair monitorinqlər keçirilib
Ana səhifə › Xəbərlər › Yevlax və Zərdab rayonlarında poliomielit üzrə epidemioloji nəzarət və immunlaşdırma tədbirlərinə dair monitorinqlər keçirilib
Yevlax və Zərdab rayonlarında poliomielit üzrə epidemioloji nəzarət və immunlaşdırma tədbirlərinə dair monitorinqlər keçirilib
12/15/2025 196 Views
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.07.21-ci il tarixli “Kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin davam etdirilməsi barədə” 54 nömrəli əmri ilə təsdiq edilmiş “2021-2025-ci illərdə poliomielitdən azad ərazi statusunun saxlanılması üzrə Fəaliyyət Planı”-nın icrası məqsədilə 8-11 dekabr 2025-ci il tarixlərində respublikanın Yevlax və Zərdab rayonlarında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən kəskin süst ifliclər üzrə epidemioloji nəzarət və immunlaşdırma tədbirlərinin aparılmasına dair yekun təlim və monitorinqlər keçirilib.
Təlimlər çərçivəsində müvafiq rayonların Gigiyena və Epidemiologiya Mərkəzlərində, Rayon Mərkəzi Xəstəxanalarının Ailə Sağlamlıq Mərkəzi (ASM) bölmələrində, eləcə də Aran ASM-də görüşlər təşkil olunub. Görüşlər zamanı tibb işçilərinə uşaqların poliomielitə qarşı peyvəndlə əhatə olunmasının yüksək səviyyədə saxlanılmasının əhəmiyyəti, həmçinin uşaqlar arasında kəskin süst iflic hallarının vaxtında aşkar edilməsinə diqqətin artırılması barədə ətraflı məlumat verilib və interaktiv müzakirələr aparılıb.
Rayon gigiyena və epidemiologiya mərkəzlərinin əməkdaşlarına enterovirusların sirkulyasiyasının müəyyən edilməsi məqsədilə nümunələrin götürülməsi, saxlanılması və laboratoriyaya çatdırılması qaydaları geniş şəkildə izah edilib. Eyni zamanda, tədbir çərçivəsində Azərbaycanın poliomielitdən azad ərazi statusunun qorunması istiqamətində görüləcək tədbirlər və qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.