Zərifə Əliyeva – insanlara nur bəxş edən fədakar həkim və dəyərli alim
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasından 103 il ötür. Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan, oftalmologiya sahəsində dünya şöhrətli alim və professor, həmçinin yüksək peşəkarlığı və insanlara qayğıkeş münasibəti ilə seçilən şəxsiyyətdir. Onun elmi və praktik fəaliyyəti oftalmologiya sahəsində aktual problemlərin öyrənilməsinə, göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi istiqamətində müasir yanaşmaların tətbiqinə mühüm töhfələr vermişdir.
Akademik Zərifə Əliyevanın monoqrafiyaları, dərs vəsaitləri və elmi məqalələri oftalmologiya elminin inkişafında xüsusi yer tutmuşdur. Alimin elmi fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. O, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına böyük önəm vermiş, gənc həkim və tədqiqatçıların elmi potensialının inkişafına daim dəstək göstərmişdir. Onun rəhbərliyi altında yetişən mütəxəssislər bu gün də fəaliyyətlərini davam etdirirlər.
Zərifə xanımın əldə etdiyi elmi nəticələr həm milli, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir. Alimin təşəbbüsü ilə bir sıra profilaktik tədbirlər həyata keçirilmiş, geniş yayılmış göz xəstəliklərinə qarşı mübarizədə effektiv müalicə və profilaktika metodları tətbiq olunmuşdur. Sonrakı dövrlərdə oftalmologiyanın müxtəlif sahələri üzrə – qlaukoma, gözün peşə patologiyası, virus mənşəli göz xəstəlikləri və digər istiqamətlərdə də tədqiqatlar aparılmışdır. Zərifə Əliyeva traxoma kimi geniş yayılmış yoluxucu göz xəstəliyinin öyrənilməsi və müalicəsi istiqamətində mühüm elmi tədqiqatlar aparmış, bu sahədə effektiv müalicə və profilaktika üsullarının tətbiqinə dəyərli töhfələr vermişdir. Onun fəaliyyəti nəticəsində traxomanın yayılmasına qarşı mübarizə gücləndirilmiş və xəstəliyin aradan qaldırılması istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması professor Zərifə Əliyevanin təşəbbüsü ilə 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda həyata keçirilmişdir. Həmin laboratoriyada aparılan tədqiqatlar əsasında Zərifə xanım “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi monoqrafiyalar nəşr etmiş və bu əsərlər beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
Zərifə Əliyeva ailə dəyərlərinə sadiq bir insan olub, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolunda sadiq həyat yoldaşı və böyük mənəvi dayaq idi. Ailəsində yüksək mənəvi dəyərlərin qorunmasına xüsusi yer verirdi.
Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Zərifə Əliyevanın fəaliyyəti müasir oftalmologiyanın inkişafında mühüm elmi əsas kimi dəyərləndirilir, onun zəngin elmi irsi və səhiyyə sahəsindəki xidmətləri Azərbaycan tibb ictimaiyyəti tərəfindən yüksək ehtiramla anılır.
