17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür

Hər ilin 17 iyun tarixi Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün səhiyyə sahəsində çalışan minlərlə həkim, tibb bacısı və digər tibbi heyətin fədakar əməyinə verilən yüksək dəyərin ifadəsidir. Bu gününün qeyd olunması tarixi köklərə əsaslanır. 1918-ci ilin 17 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sərəncamı ilə ilk dəfə Səhiyyə Nazirliyi təsis olunub. Bu mühüm hadisə ilə ölkədə səhiyyə sisteminin təməli qoyulub, ilk səhiyyə və sosial təminat naziri vəzifəsinə Xudadat bəy Rəfibəyli təyin edilib.

Tarixi əhəmiyyətini nəzərə alaraq, Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixdə imzaladığı 733 №-li Sərəncamına əsasən 17 iyun- Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Ulu öndərimizin rəhbərliyi altında ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib, islahatlar aparılıb, səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülüb, tibb elminin inkişafında savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması həyata keçirilib.

Artıq səhiyyəmiz özünün inkişaf mərhələsindədir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə tibb mərkəzlərinin müasir avadanlıqlarla təmin olunması, kadr potensialının gücləndirilməsi, maddi-texniki bazanın və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir.

17 iyun tarixində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Tibb işçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib.

Giriş sözü ilə çıxış edən Respublika GEM-nin Baş direktoru Sara Həsənova tibb işçilərinin cəmiyyət üçün əhəmiyyətli rolunu vurğulayaraq bütün kollektivi peşə bayramı münasibətilə təbrik edib.

Tədbirdə Səhiyyə Nazirliyi Respublika GEM-nin Baş direktorun Epidemiloji məsələlər üzrə müavini A.Əliyeva, Sanitariya-gigiyena məsələləri üzrə müavini T. Teymurov, Təşkilati məsələlər üzrə müavini S.Nəcəfova, Kommunal-gigiyenası məsələlər üzrə müavini A.Şükürov çıxış ediblər.

Tədbirin sonunda bir sıra tibb işçiləri təşəkkürnamə və gül dəstələri ilə təltif olunublar.

Hörmətli həmkarlar, Sizi 17 iyun- Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq!