Dezinfeksiya – xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə yoluxucu xəstəliklərin törədicilərinin  (bakteriyaların, virusların, ibtidailərin və s) məhv edilməsidir.

 Dezinfeksiya geniş mənada – ətraf mühit obyektlərində yoluxucu xəstəlik törədicilərinin – bir çox xəstəliklərdə infeksiya mənbəyi  və ya keçirici sayılan həşəratların və məişət parazitlərinin (dezinseksiya) məhv edilməsinə yönəldilmiş xüsusi tədbirlər kompleksidir. 

Dezinfeksiyanın profilaktik, cari və yekun növləri var.

Profilaktik dezinfeksiya – yoluxucu  xəstəliklərin olub-olmamasından asılı olmayaraq daima aparılır və onların yayılmasının  qarşısının alınmasına yönəldilmişdir. Belə ki, uşaq müəssisələrində, ictimai  iaşə, tibb müəssisələrində  və s.  yerlərdə  profilaktik dezinfeksiya tədbirləri həyata keçirilir. 

Cari dezinfeksiya bilavasitə xəstənin və ya törədicigəzdirənin  ətrafında , infeksiya ocaqlarında – xəstənin hospitallaşdırmasına qədər xəstəlik ocaqlarında, xəstə evdə müalicə edildikdə yoluxucu xəstəliklərin törədicilərinin  ətraf mühitdə yayılmasının qarşısının  alınması məqsədilə aparılır.

Yekun və ya tamamlayıcı dezinfeksiya –  xəstənin təcrid olunmasından və ya xəstə sağaldıqdan, yaxud  vəfat etdikdən sonra infeksiya  ocağında aparılır.

Dezinseksiya — yoluxucu xəstəliklərin törədicilərinin canlı keçiriciləri sayılan həşəratlarla mübarizəyə yönədilmiş tədbirlərdir. Buraya profilaktik və məhvedici tədbirlər aiddir.

Dezinseksiya mexaniki, fiziki, kimyəvi və bioloji üsullarla aparılır.

Mexaniki vasitələrə qoruyucu kostyumların, yapışqan  kağız, miçətkənlərin və s. istifadəsi aiddir.

Fiziki vasitələrə quru isti hava, su buxarı, qaynadılma daxildir.

Kimyəvi üsul –müxtəlif kimyəvi vasitələrin- insektisidlərin işlədilməsinə əsaslanmışdır.

Bioloji metod əsas etibarilə kənd təsərrüfatı zərərvericilərinin məhvedilməsi üçün işlədilir.

Deratizasiya — müxtəlif gəmiricilərlə əsasən siçan və siçovullarla mübarizə məqsədilə aparılan tədbirlər kompleksidir.

Gəmiricilərə qarşı tədbirlər bioloji, kimyəvi və mexaniki üsullardan istifadə etməklə həyata keçirilir.

Kimyəvi üsul ən geniş tətbiq edilən üsuldur, bu zaman  müxtəlif zəhərlərdən- rodentisidlərdən istifadə edilir.