Qarayara

Qarayara-heyvan mənşəli kəskin infeksion xəstəlikdir. Bu xəstəlik titrəmə, limfatik sistemin zədələnməsi, intoksikasiya əlamətləri ilə özünü biruzə verir. Xəstəlik dəri, bəzi hallarda isə bağırsaq, ağciyər və septik formada müşahidə olunur.  Qarayara xəstəliyinin mənbəyi bu xəstəliyə yoluxmuş heyvanlardır (otyeyən heyvanlar, o cümlədən iri və xırdabuynuzlu mal-qara, at, dəvə, qoyun, keçi, donuz və s.). İnsanların yoluxması bir çox hallarda təmas yolu ilə (heyvanların kəsilməsi, dərilərin soyulması, və s.), eləcə də qarayara bakteriyalarının sporları ilə çirklənmiş qida məhsullarından, su, torpaq, xəz məmulatlarından və s. istifadə zamanı baş verir. Yoluxma həmçinin qansoran həşəratların dişləmə vasitəsilə (hünülərin) baş verə bilər. Qarayara Azərbaycanda endemik xəstəlik olaraq qalır və xəstəliyin  yalnız dəri forması qeydə alınır.

Qarayara xəstəliyinin profilaktikası əsasən heyvanlar arasında xəstəliyə qarşı vurulan peyvəndlərlə aparılır. Bundan başqa yoluxmuş laborator heyvanlar və ya törədicilərlə yoluxdurulmuş müayinə materialı ilə işləyən şəxslər, zoobaytarlıq işçiləri, heyvan mənşəli xammalın toplanması, saxlanması, daşınması və birincili emalı ilə məşğul olan şəxslər qarayaraya qarşı profilaktik peyvəndə cəlb olunurlar. Vaksinasiya diri qarayara vaksini ilə iki dəfə 21 gün intervalla aparılır. Revaksinasya hər il 1 il intervalla həyata keçirilir.

Bruselyoz

Bruselyoz zoonoz infeksion-allergik xəstəlikdir. Brucella cinsi bakteriyaları tərəfindən törədilir. İnsan bu xəstəliyə xəstə heyvanlara (qoyun, keçi, inək, donuz və s.) qulluq zamanı, yaxud brusellalarla yoluxmuş ərzaq məhsullarından (süd, pendir, ət və s.) istifadə etdikdə yoluxur. Törədici orqanizmə mədə bağırsaq traktından, selikli qişa və yaxud dəridə olan zədələrdən daxil olaraq, limfa yolları və qan damarları vasitəsilə yayılır ki, bu da törədicinin istənilən orqana daxil olması üçün şərait yaradır.  Xəstəlik infeksion patologiyanın ümumi əlamətləri, həmçinin yerli zədələnmə əlamətləri, əsas etibarilə daima inkişaf edən dayaq-hərəkət aparatının zədələnməsi ilə səciyyələnir. Vətərin əzələyə keçdiyi yerdə mərci boyda və ya daha iri qığırdaq konsistensiyalı fibrozitlər əmələ gəlir. Bu da oynaqlarda, sümüklərdə, əzələlərdə ağrıların yaranmasına səbəb olur. Xəstəlik sonrakı gedişatı zamanı davamlı və  dönməz xarakter alaraq xroniki formaya keçir, nəticədə əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi baş verir.

Profilaktikası: Bruselyoz insandan insana keçmədiyinə görə xəstələrə baxış zamanı xüsusi ehtiyat tədbirlərindən istifadə etmək vacib deyil. Standart nəzarət tədbirlərinin icrası məqsədəuyğun hesab edilir. Çiy südün içilməsi və ya pasterizə edilməmiş süddən hazırlanmış süd məhsullarının törədə biləcəyi təhlükələr haqqında əhali maarifləndirilməlidir.  Ev şəraitində hazırlanan pendir, xüsusilə də keçi pendiri istifadədədn öncə 2 ay ərzində duzlu suda saxlanılmalıdır.

Quduzluq

Quduzluq xəstəliyi virus etiologiyalı, heyvan mənşəli olub, yüksək letallıqla nəticələnən (100%) yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik, və s. xəstələnə bilər. Virus xəstə heyvanların dişləməsi, cırmaqlaması və ya xəstə heyvanın tüpürcəyi insanın dərisində sıyrılmış, zədələnmiş nahiyyəyə düşməsi ilə ötürülür . Quduzluq –mərkəzi sinir sisteminin kəskin virus infeksiyasıdır.

Xəstəliyin kliniki simptomları virusun tüpürcək vəzilərinə daxil olmasından sonra başlayır. Xəstəlik praktik olaraq hər zaman ölümcüldür və nadir hallarda 5 gündən artıq uzanır və beləliklə heyvan həyatının son 10 günü yoluxdurucu hesab edilir. Quduzluğa yoluxmuş heyvanlarda aqressivlik, səbəbsiz hücum hissləri inkişaf edir.  İnsan quduz heyvanlardan dişləmə zamanı yoluxur.  İnsanlarda infeksion prosesin xarakteri heyvanlardan bir o qədər fərqlənmir. Inkubasiya dövrü ştamın virulentliyindən, zədələnmənin lokalizasiyasından, yaşdan asılıdır. Geniş sanitariya-maarifi işlərinin aparılmasına baxmayaraq xəstəlik hadisələrinin baş vermə səbəbi dişləmədən və cırmaqlamadan dərhal sonra zərərçəkən şəxsin dərhal tibb müəssisəsinə müraciət etməməsidir.

               Profilaktikası:  Heyvanlar arasında quduzluq xəstəliyinin profilaktikası baytarlıq idarəsinin həkimləri tərəfindən sahibsiz itlərə peyvənd vurulması ilə aparılır. Bundan başqa ev  şəraitində heyvan saxlayan vətəndaşlar mütləq şəkildə öz heyvanlarını müntəzəm olaraq baytar müayinəsindən keçirtməli, peyvəndlərini vurdurmalıdırlar. Bu xəstəliyə yoluxmamaq üçün çöl heyvanları ilə təmasdan uzaq durulmalıdır. İnsan hər hansı bir heyvanın dişləməsinə, cırmaqlamasına və ya tüpürcəkləməsinə məruz qalarsa ilk olaraq ev şəraitində və ya müraciət etdiyi tibb müəssisəsində (cərrah və ya onun tibb bacısı tərəfindən) zədə nahiyyəsi sabunlu su ilə yuyulmalıdır. Quduzluq virusuna yoluxma şübhəsi olduğundan dərhal yaxınlıqda olan tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurdurmalıdır. Quduzluq virusu insanlar üçün həyati təhlükəsi olduğundan zədələnmənin lokalizasiyasından asılı olaraq antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur. Belə ki, yuxarı lokalizasiyalı zədələnmələrdə və quduzluq diaqnozu təstiqlənmiş heyvan dişləmələri hallarında antirabik immunoqlobulindən istifadə edilir.  Həmçinin Tetanus xəstəliyindən qorunmaq üçün tetanus əleyhinə anatoksin vurulur.