2007-ci ildə ÜST tərəfindən 25 Aprel – Ümumdünya Malyariya ilə Mübarizə Günü təsis edilib.
Malyariya – parazitlər tərəfindən törədilən, dişi Anopheles ağcaqanadlarının dişləməsi nəticəsində insanlara ötürülən və sağlamlıq üçün təhlükəli xəstəlikdir. İnsanlarda malyariya törədən parazitlərin 5 növü mövcuddur ki, bunlardan ikisi – Plasmodium falciparum və Plasmodium vivax daha təhlükəlidirlər. İnfeksiya törədicisi parazitlərdir, insandan insana yoluxma baş vermir.
Xəstəliyin simptomları yüngül və ya həyat üçün təhlükəli ola bilər. Yüngül simptomlara qızdırma, titrətmə və baş ağrıları aiddir.
Malyariyanın bəzi növləri ağır xəstəliyə və ölümə gətirib çıxara bilər. Ən çox risk qrupuna daxil olanlar körpələr, 5 yaşına kimi uşaqlar, hamilə qadınlar, səyahətçilər və QİÇS-ə yoluxmuş insanlardır. Xəstəliyin ağır simptomlarına yorğunluq, huşun pozulması, çoxsaylı qıcolmalar, çətinləşmiş tənəffüs, tünd və ya qanlı sidik, sarılıq (göz və dərinin sarılığı), qanaxma aiddir.
25 Aprel-Ümumdünya Malyariya ilə Mübarizə Günü malyariyanın qarşısının alınması, xəstəliyə qarşı mübarizəyə diqqəti artırmaq, ictimaiyyət arasında maarifləndirmə işləri aparmaq və profilaktik tədbirlərin vacibliyini ön plana çəkməkdir.
2023-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb. ÜST bu sertifikatı bütün malyariya parazitlərinin yerli ötürülmə zəncirinin ən azı son 3 ardıcıl il müddətində ölkə daxilində kəsilməsi və yoluxmanın qarşısını ala biləcək tam funksional nəzarət və cavab sisteminin mövcudluğuna dair sübutlar olduqda ölkəyə verir.
25 Aprel- Ümumdünya Malyariya ilə Mübarizə Günü bizə bir daha xatırladır ki, bu xəstəliklə mübarizədə həm fərdi, həm də ictimai məsuliyyət böyük rol oynayır.