
27 Sentyabr Anım Günü – Qürurumuzun və Qələbəmizin başlandığı gündür
27 Sentyabr – Azərbaycan xalqının iradəsinin, ordumuzun rəşadətinin və dövlətimizin gücünün təntənəsinə çevrilmiş şanlı Zəfər yolunun başlanğıcıdır. Bu tarix Azərbaycan xalqının yaddaşına həm hüznlə, həm də böyük qürurla həkk olunmuşdur.
2020-ci ilin məhz bu günündə qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə illərlə işğal altında qalmış torpaqlarımızı azad etmək üçün mübarizəyə başladı. 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın hərbi, siyasi və mənəvi qüdrətinin simvoluna çevrildi və bu haqq mübarizəsi parlaq Qələbə ilə başa çatdı.
Bu Qələbənin əsasında xalqımızın birliyi, ordumuzun gücü və şəhidlərimizin misilsiz fədakarlığı dayanır. Onlar torpaq, Vətən, bayraq naminə canlarından keçdilər və Azərbaycan tarixində əbədiyaşar qəhrəmanlara çevrildilər. Bu torpağın hər qarışında onların qanı, qələbənin hər anında onların ruhu var.
Bu müqəddəs mübarizədə şəhidlik zirvəsinə ucalanlardan biri də, Bərdə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı olmuş Hüseynov Adil Namiq oğlu idi. O, 01.04.2019-cu il tarixdən Bərdə rayon GEM-də dezinfektor vəzifəsində çalışmış, qısa müddət ərzində nümunəvi işçi kimi seçilmiş, işinə məsuliyyətlə yanaşan, fədakar və vətənpərvər bir gənc olmuşdur.
Adil Hüseynov 21 sentyabr 2020-ci il tarixdə hərbi xidmətə çağırılmış, cəmi bir neçə gün sonra – 27.09.2020-ci il tarixdə döyüş bölgəsinə yollanmışdır. Tərtər, Ağdam, Ağdərə, Suqovuşan (Madagiz) istiqamətlərində gedən ağır döyüşlərdə iştirak etmiş, yüksək döyüş əzmi və qəhrəmanlığı ilə fərqlənmişdir. 17 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimiz 21 oktyabr 2020-ci il tarixdə doğulub boya-başa çatdığı Bərdə rayonunun Körpüsındıran kənd qəbiristanlığında dəfn edilmişdir.
Bu gün biz yalnız şəhidlərimizi anmırıq – biz onların yazdığı şanlı Qələbə tarixini böyük qürurla yaşadırıq.
Şəhidlərimizin ruhu qarşısında bir daha baş əyir, onların ailələrinə və yaxınlarına dərin ehtiramımızı bildiririk.
Qələbəmiz əbədidir, qəhrəmanlarımız unudulmazdır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.