Azərbaycanda qızılca və məxmərək xəstəlikləri üzərində epidemioloji nəzarət    

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata əsasən 2022-ci ilin dekabr ayından başlayaraq Avropa Regionunun bəzi ölkələrində qızılca hallarının artımı qeydə alınıb.

Qızılca virusu yalnız insanı yoluxdurur, buna görə də bu xəstəliyin eliminasiyasına nail olmaq mümkündür. Qızılca virusu yüksək kontagiozlu mikroorqanizmlərdəndir.

İnfeksiya mənbəyi ilə təmas olduqdan sonra 90% həssas insan xəstələnir. Qızılca virusu hava-damcı yolu ilə yayılır. Qızılcalı xəstələr səpgi əmələ gəldikdən 4 gün əvvəl və səpgi əmələ gəldikdən 4 gün sonrayadək yoluxucu hesab edilirlər.

Qızılca səpgisinə bənzər səpgi bir sıra yoluxucu xəstəliklərdə də ola bilər. Buna görə də qızılcanın differensial diaqnostikası üçün laborator müayinə vacibdir. ÜST  tərəfindən  qızılca üzərində epidemioloji nəzarətin aparılmasında qanda İgM anticisimlərini aşkarlamaq üçün standart test kimi İFA üsulundan istifadə edilməsi tövsiyə edilir. Bu üsul Səhiyyə Nazirliyinin 06.02.2009-cu il tarixli 12 saylı əmri ilə təsdiqlənmiş və ölkədə mərkəzləşdirilmiş olaraq Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin immunoloji laboratoriyasında istifadə edilir.

Azərbaycanda yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində həyata keçirilən  məqsədyönlü tədbirlər nəticəsində bir çox xəstəliklər, o cümlədən qızılca xəstəliyi   eliminasiya olunub. Bildiyiniz kimi, hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün, 11 infeksiyaya qarşı peyvənd  aparılır.

Peyvənd təqviminə əsasən qızılca əleyhinə QPM vaksini ilə  (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır.

 Milli səviyyədə peyvəndlərlə əhatənin yüksək səviyyəsinin (95-98%) saxlanılması, qızılca və məxmərəyə şübhəli bütün hadisələrin tam və aktiv aşkarlanması, onların mütləq laborator müayinəsi, qızılca xəstəliyi üzərində effektiv epidemioloji nəzarətin aparılması və  vaxtında operativ qərarların qəbul edilməsi ölkənin infeksiya üzrə eliminasiya statusunun qorunub saxlanılmasında əsas rol oynayır.

Əhalinin stabil olaraq yüksək səviyyədə qızılca və məxmərəyə qarşı peyvəndlərlə  əhatə olunması nəticəsində  Azərbaycanda  2008-ci ildən məxmərək xəstəliyi, 2019-cü ilin iyul ayından endemik qızılca xəstəliyi qeydə alınmayıb.

Lakin son illər COVID-19 pandemiyası zamanı peyvənd işlərinin zəifləməsi nəticəsində yaranan vəziyyət ilə əlaqədar olaraq peyvəndlə qarşısı alına bilən infeksiyalardan qorunmanı təmin etmək məqsədilə uşaqların profilaktik peyvənd təqviminə uyğun immunizasiyaya cəlb edilməsi vacibdir.

 

Afaq Əliyeva

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji məsələlər üzrə baş direktor müavini

İsmayılova Aygün

Epidemiologiya şöbə müdiri