Azərbaycan Zəfərinin 5-ci ildönümünü və Dövlət Bayrağı Gününü qürurla qeyd edir
8 və 9 noyabr Azərbaycan xalqının tarixində xüsusi yer tutan, dövlətçiliyimizin möhkəmliyini və milli həmrəyliyimizi nümayiş etdirən günlərdir. Bu iki tarix – Zəfər Günü və Dövlət Bayrağı Günü – həm qəhrəmanlıq salnaməmizin, həm də milli kimliyimizin rəmzidir. Bu il Azərbaycan xalqı bu əlamətdar günləri Zəfərin beşinci ildönümü münasibətilə daha böyük sevinc və qürur hissi ilə qeyd edir.
8 Noyabr – Zəfər Günü xalqımızın müasir tarixində dönüş nöqtəsi olmuşdur. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etdi. Bu tarixi hadisə təkcə 44 günlük müharibənin deyil, bütövlükdə milli tariximizin ən parlaq qələbələrindən biri kimi yadda qaldı. Qazanılan Zəfər xalqımızın əzmini, birliyini və ədalət uğrunda mübarizə iradəsini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə 8 noyabr tarixi Zəfər Günü elan edildi. Bu gün artıq beş ildir ki, Azərbaycan xalqı üçün azadlıq, qələbə və milli qürurun təntənəsi kimi qeyd olunur.
Zəfərin 5-ci ildönümü münasibətilə Bakı şəhərində, Azadlıq meydanında təntənəli hərbi parad keçiriləcək. Parad Azərbaycan Ordusunun qüdrətini, ölkəmizin müdafiə potensialını və dövlətçiliyimizin sarsılmazlığını nümayiş etdirəcək. Tədbirdə Vətən müharibəsi iştirakçıları, müxtəlif qoşun növlərinin nümayəndələri iştirak edəcək, ən müasir hərbi texnikalar nümayiş etdiriləcək. Bu parad, həm Zəfərimizin beş illik yubileyinin dövlət səviyyəsində təntənəli qeyd olunması, həm də şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olacaq.
9 Noyabr – Dövlət Bayrağı Günü isə Azərbaycanın müstəqilliyinin, milli kimliyinin və tarixi irsinin simvolu kimi qeyd edilir. 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli bayraq xalqımızın milli dəyərlərini özündə birləşdirən müqəddəs rəmzə çevrildi. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə bu tarix Dövlət Bayrağı Günü kimi təsdiqlənib. Hər il bu gün ölkəmizin hər bölgəsində bayrağımıza böyük ehtiram göstərilir, üçrəngli bayrağımızın ucalığı Azərbaycanın müstəqilliyinin və qürurunun təcəssümü kimi qeyd olunur.
Bu tarixlər Azərbaycan xalqının keçdiyi şərəfli və çətin yolun, həmçinin gələcəyə olan inamın, dövlətə sədaqətin və milli həmrəyliyin rəmzidir. Qazanılmış qələbə və azadlıq uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, üçrəngli bayrağımız isə əbədi olaraq azad və müstəqil Azərbaycanın səmasında qürurla dalğalanacaqdır.
