Azərbaycanda “İmmunlaşdırma həftəsi” keçirilib

ÜST-nin tövsiyəsinə əsasən  Azərbaycan Respublikası Səhiyyə  Nazirliyi tərəfindən 2023-cü ilin 24–29 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”-nin keçirilməsi ilə bağlı əmr imzalanıb.

Əmrə əsasən “İmmunlaşdırma həftəsi” ərzində respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi təşkil olunmuş, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlər keçirilmiş, vaksinasiya tədbirlərini  həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməklik göstərilmiş, immunlaşdırma həftəsi ilə əlaqədar tibb idarə və müəssisələrinə əhalinin maarifləndirilməsi üçün immunlaşdırma və peyvəndlərlə idarə olunan xəstəliklərə  dair mövzularda poster və yaddaş vərəqələri paylanılıb.

Həmçinin, Avropa Ittifaqının Vaksinasiyaya Dəstək layihəsi çərçivəsində respublikanın 3 rayonunda – Yevlax, Göygöl, Qobustan və Mingəçevir şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, ÜST-nin Azərbaycan Ölkə Ofisi və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə birlikdə valideyn konfransları və vaksinatorlar üçün təlimlər keçirilib.

“Peyvəndin vaxtını gecikdirmə!”, “Hər doza vacibdir!” şüarı ilə həyata keçirilən tədbirlərin məqsədi bir çox təhlükəli xəstəliklərin qarşısının alınmasında immunizasiyanın əhəmiyyəti haqqında əhalini maarifləndirmək və peyvəndləmə  ilə əhatəni artırmaqdır.