Azərbaycanın müasir səhiyyə sistemi ulu öndər Heydər Əliyevin irsidir
Mayın 10-da görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür
Ulu öndər Heydər Əliyev bütün həyatı boyu xalqının xoşbəxtliyi və əmin–amanlığı naminə yorulmadan çalışıb. Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq bugünkü gerçəkliyinin və işıqlı sabahının möhkəm təməlini yaradıb.
Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı, dəyərli töhfələri sonsuz, bu sahədə fəaliyyəti çoxşaxəli olub.
Ulu Öndərin şəxsiyyətinin miqyasını onun SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini vəzifəsində yerinə yetirdiyi vəzifələrin geniş tərkibi göstərir. Həmin vaxt onun nəzarəti altında 12 nazirlik var idi. Heydər Əliyev, həmçinin səhiyyə, maşınqayırma, ticarət, nəqliyyatın bütün növləri və rabitə, mədəniyyət, təhsil, yüngül sənaye kimi həyati əhəmiyyət kəsb edən sahələrə kuratorluq edirdi. Bu dövrdə də Ümummilli Lider həyatın digər sahələri ilə yanaşı, səhiyyəmizin də yaxşılaşmasını təmin etmiş və onun hərtərəfli inkişafı üçün bütün mümkün tədbirləri həyata keçirib.
Ölkəmizdə səhiyyənin inkişafı və peşəkar tibbi kadrların hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Bu məqsədlə Milli Məclis “Əczaçılıq fəaliyyəti haqqında”, “Özəl tibbi fəaliyyət haqqında”, “Tibbi sığorta haqqında” və bir sıra digər qanunlar hazırlayıb və təsdiq edib. Ölkə prezidentinin “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 13 mart 1998-ci il tarixli Sərəncamı səhiyyənin bütün sahələrində islahatların daha geniş və daha sürətli aparılmasına şərait yaratdı. Keçid dövrü ərzində səhiyyədə mütərəqqi dəyişikliklərin edilməsi və yeni səhiyyə sisteminin yaradılması məqsədilə 1994-cü ilin dekabrında ölkə prezidenti və UNICEF rəhbərliyi “Əməkdaşlıq Proqramı” imzalayıblar. İslahatların əsas nailiyyətlərindən biri gələcəkdə özəl səhiyyə sisteminin və sığorta sisteminin tətbiq edilməsindən ibarət olub. Bu istiqamətlərdə normativ-hüquqi baza yaradıldı, “Özəl tibbi fəaliyyət haqqında” qanun qüvvəyə minib və “Tibbi sığorta haqqında” qanun qəbul edildi.
Aparılan islahatlar, eləcə də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən genişmiqyaslı təşkilati və müalicə-profilaktika tədbirləri nəticəsində ölkədə xəstələrin sayı kəskin surətdə azalıb. Məhz bu islahatlar sayəsində respublikada uzunömürlülük və reprodiktivlik göstəriciləri xeyli yaxşılaşıb, həyat keyfiyyətinin yaxşılaşdırılması tempinə görə isə Azərbaycan haqlı olaraq dünyanın qabaqcıl ölkələri sırasındadır.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu islahatların təməlini təşkil edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yeni xəstəxanaların, tibb mərkəzlərin tikintisi ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın, həmçinin bu il fəaliyyətə başlamasının 20 ili qeyd olunan Heydər Əliyev Fondunun səhiyyə sahəsində aparılan mühüm işlərdə rolu böyükdür. Məhz Heydər Əliyev Fondunun prezidentinin bilavasitə qayğısı, diqqəti və dəstəyi nəticəsində səhiyyə sahəsində bir sıra mühüm layihələr həyata keçirilib.