“Bakı KOB evi”ndə yeni texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Ətriyyat-kosmetika məhsullarının təhlükəsizliyi haqqında”, “Sintetik yuyucu vasitələrin və məişət kimyası mallarının təhlükəsizliyi haqqında”, “Tütün məhsulları və analoji məmulatlar haqqında” texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib.

Bu Reqlamentlərin məqsədi insan həyatını və sağlamlığını, əmlakını qorumaq, ətraf mühiti mühafizə etmək, o cümlədən ətriyyat-kosmetika mallarının, eləcə də onlarla əlaqəli proseslərinin və istehsal metodlarının təhlükəsizliyi ilə bağlı istehlakçıları çaşdıran hərəkətlərin qarşısını almaqdır.

Çıxışlarda malların və məmulatların keyfiyyət və təhlükəsizlik tələblərinin beynəlxalq standartlara uyğunlaşdırılması, istehlakçı məmnunluğunun artırılması, həmçinin sahibkarlıq subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində texniki reqlamentlərin əhəmiyyəti qeyd olunub.

Tədbir zamanı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Teymur Teymurov tərəfindən texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, nişanlanma qaydaları, bazara dövriyyəyə buraxılmazdan əvvəl onların reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirməsi və uyğunluq nişanının vurulması və toksikoloji gigiyena rəyi ilə müşayiət edilməsinin vacibliyi dair təqdimatlar nümayiş etdirilib.

Görüş müzakirələrlə davam etdirilib, iştirakçıların rəy və təklifləri dinlənilib.