Yay mövsümünün isti havalarında əhalinin çimərliklərdə istirahətə üstünlük verdiyi bir dövrdə çimərlik ərazilərində sanitariya-epidemioloji vəziyyətə nəzarət gücləndirilib. Bu məqsədlə Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin mütəxəssisi Ziyəddin Kazımov 08 avqust 2025-ci il tarixində “Xəzər” televiziyasına verdiyi müsahibədə aparılan monitorinqlər barədə ətraflı məlumat təqdim edib.
Hal-hazırda Abşeron yarımadasında və respublikanın şimal və cənub rayonlarında fəaliyyət göstərən çimərliklərdə Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən monitorinqlər davam etdirilməkdədir. Monitorinqlər kompleks şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə dövlət Nəzarəti Xidməti əməkdaşlarının iştirakı ilə həyata keçirilir.
Çimərlik mövsümünün keçən dövrü ərzində əhali arasında hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmamış, dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir. Ölkədə epidemioloji vəziyyət stabildir və daim nəzarət altındadır.
İsti yay günlərində gigiyena qaydalarına, xüsusən də şəxsi gigiyena qaydalarına xüsusi diqqət yetirmək, günorta saatlarında açıq havada olmamaq tövsiyə edilir.