Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Avropa İttifaqının Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsü çərçivəsində Fövqəladə Hallar Nazirliyi və sözügedən təşəbbüsün Cənub-Şərq və Şərqi Avropa katibliyinin birgə təşkilatçılığı ilə KBRN üzrə milli fəaliyyət planı mövzusunda seminar keçirilib.
Seminarda Fövqəladə Hallar, Xarici İşlər, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ədliyyə, Səhiyyə, Energetika, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birıiyinin, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin, Avropa İttifaqının Birgə Tədqiqat Mərkəzinin və KBRN Risklərinin azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub-Şərq və Şərqi Avropa katibliyinin mütəxəssisləri, o cümlədən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də iştirak ediblər.
Seminarın əsas məqsədi KBRN sahəsində milli fəaliyyət planının məqsəd və vəzifələrinin, eləcə də fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsi və birgə müzakirəsinin aparılması olmuşdur. Bundan əlavə, seminar çərçivəsində KBRN ilə bağlı risklərin azaldılması sahəsində milli səviyyədə ehtiyacların qiymətləndirilməsi, qanunvericiliyin təhlili və beynəlxalq sənədlərin tələblərinin nəzərdən keçirilməsi həyata keçirilmişdir.
Həmçinin, seminarda KBRN hadisələrinə hazırlıq və cavab tədbirləri üzrə milli səviyyədə əlaqələndirilmiş fəaliyyətin qurulması, səmərəli mexanizmlərin tətbiq imkanlarının müzakirəsi, eləcə də KBRN üzrə bilik və bacarıqların artırılması, təlim və maarifləndirmə işlərinin genişləndirilməsi və bu istiqamətlərdə həyata keçiriləcək fəaliyyətlərlə bağlı məsələlər müzakirə edilib.