
Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti haqqında
Gəncə şəhərində 1930-cu illərdə Sanitariya-Epidemioloji Stansiyası kimi fəaliyyətə başlayan, 1980-ci illərin sonunda yenidən təşkil olunan və hazırda Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin tabeliyində olan Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyət göstərir.
Şəhərin adının bir neçə dəfə dəyişdirilməsi ilə əlaqədar olaraq həmçinin gigiyena və epidemiologiya mərkəzinin də (keçmiş sanitar-epidemioloji stansiya) adı dəyişilmişdir.
Şəhər 1804-cü ildən 1918-ci ilə qədər -Yelizavetpol adlandırılıb. Gəncə əvvəlki adını 1935-ci ilədək yenidən bərpa etmiş və 1935-ci ildə Kirovabad adlandırılmışdır. Daha sonra 1989-cu ildə bu ad yenidən qaytarılmış və indiyədək də şəhər Gəncə adını daşıyır.
01.01.2025-ci il tarixinə kimi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən Gəncə şəhərinin əhalisinin sayı 330,9 min nəfər təşkil edir.
Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq, şəhər əhalisinin sağlam həyat şəraitinin təmin olunması, yoluxucu xəstəliklərin profilaktikası və sanitariya-gigiyenik maarifləndirmənin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir.
Mərkəzin mütəxəssisləri dövlət tabeliyində olan kommunal, uşaq və yeniyetmə müəssisələrində aparılmış sanitariya-epidemioloji nəzarət zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün aidiyyəti təşkilatlardan müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir.
İdarə olunan yoluxucu xəstəliklərin profilaktikası məqsədilə Milli Peyvənd Təqviminə əsasən profilaktik peyvənd işlərinin aparılmasına nəzarəti təmin edir. “İmmunlaşdırma həftəsi” çərçivəsində Gəncə şəhərində peyvənddən kənarda qalan uşaqlar vaksinasiya prosesinə cəlb edilir.
Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Sanitariya-gigiyena, Virusologiya, Bakteriologiya, Parazitolgiya laboratoriyaları fəaliyyət göstərir. Bakterioloji laboratoriyada sanitariya bakterologiya və kliniki bakterologiya tədqiqatları aparılır. Mərkəzin laboratoriyaları müasir tələblərə cavab verən, tam funksional avadanlıq və texniki vasitələrlə təmin olunmuşdur.
2025-ci ilin müvafiq dövrü ərzində mərkəzin sanitariya-kimyəvi laboratoriyasında su nümunələrinin, eləcə də bağlı yerlərin hava mühitinin laborator-instrumental müayinələri həyata keçirilir. Bakterioloji laboratoriyada sanitariya-bakterioloji və digər bakterioloji müayinələr, parazitoloji laboratoriyada isə koproloji, yuyuntu və torpaq nümunələrinin, həmçinin qalın qan damlalarının analizi, qan nümunələrinin malyariyaya görə yoxlanılması həyata keçirilir.
Əhalinin gigiyenik maarifləndirilməsi, sağlam həyat tərzinin ekoloji təfəkkürünün formalaşdırılması üçün sanitariya-maarif işinin üsul və vasitələrdən istifadə etməklə müəssisə və təşkilatlarda mühazirələr oxunur, söhbətlər aparılır, buklet, plakat və kitabçalar paylanılır.