İmmunlaşdırma tədbirlərinin gücləndirilməsinə dair növbəti seminar
İmmunlaşdırma tədbirlərinin gücləndirilməsinə dəstək məqsədilə UNİCEF tərəfindən təşkil olunan təlimlər 14-16 avqust 2024-cü il tarixlərdə Mingəçevir şəhərində baş tutub.
Təlimin keçirilməsində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin mütəxəssisi Əlcəfər Cəfərov iştirak edib.
Təlim Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyi ilə birgə hazırlanmış “Uşaqların immunizasiyası üzrə təlimat” əsasında aparılıb.
Təlim zamanı tibb işçilərinə yenilənmiş profilaktik peyvəndlər təqvimi, peyvəndləmə işinin təşkili, profilaktik peyvəndlər təqvimindən kənara çıxmaların və gecikmiş vaksinasiyanın idarə olunması, uşaqlarda peyvəndlərə qarşı əsas əks-göstərişlər və ehtiyat tədbirləri, peyvəndlərin yeridilmə yolları, soyuq zəncir sistemi, vaksinlərin effektivliyi və təhlükəsizliyi, peyvəndlərdən sonra yaranan yan təsirlər barədə ətraflı məlumat verilib.