
İNFEKSİON XƏSTƏLİKLƏRİN YAYILMASININ QARŞISININ ALINMASI: SƏHİYYƏ NAZİRLİYİNİN MÜTƏXƏSSİSİNDƏN ƏSAS TÖVSİYƏLƏR
İnfeksion xəstəliklərin profilaktikası dövlətin və cəmiyyətin ümumi sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan profilaktik tədbirlərin əsasını şəxsi gigiyena və ictimai sanitariya qaydalarına ciddi əməl olunması təşkil edir.
Bu barədə Səhiyyə Nazirliyinin «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» publik hüquqi şəxsin Epidemioloji məsələlər üzrə Baş direktorun müavini Samirə Nəcəfova 93.0 FM dalğasında yayımlanan “Sağlam radio”nun səhər efirində geniş məlumat verib.
Uşaqlar gündəlik həyatlarında ətraf mühitdə minlərlə mikrobla təmasda olurlar. Mikroorqanizmlər həm qidada, həm də havada mövcuddur. Onlardan qorunmanın ən effektiv üsulu vaksinasiya hesab olunur. Vaksinlər hər il milyonlarla insanın həyatını xilas edir. Uşaqları vərəm, hepatit, poliomielit, difteriya, tetanus, göyöskürək, qızılca və digər ağır infeksiyalardan qoruyur. Ölkəmizdə uşaqlar üçün Profilaktik Peyvənd Təqvimi mövcuddur və həmin təqvimə uyğun olaraq peyvəndlər dövlət tibb müəssisələrində tamamilə ödənişsiz şəkildə aparılır.
İnfeksion xəstəliklərin yayılmasının qarşısını almaq üçün yalnız vaksinasiya deyil, eyni zamanda geniş miqyaslı sanitariya-gigiyena tədbirləri də həyata keçirilir. İnfeksiya ocaqlarında dezinfeksiya tədbirləri aparılır, içməli suyun təhlükəsizliyi nəzarətdə saxlanılır.
Tətbiq olunan epidemioloji nəzarət və xəbərdarlıq sistemi xəstəlik hallarının vaxtında aşkara çıxarılmasına və dərhal reaksiya verilməsinə imkan yaradır.
İnfeksiyanın ötürülmə yolları izlənilir, təmasda olan şəxslər nəzarətə götürülür. Əhali arasında şəxsi gigiyena, yoluxma yolları, ilkin simptomların tanınması və vaxtında tibbi yardıma müraciət qaydaları ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilir.
Yoluxmuş şəxslər təcrid olunur və ixtisaslaşmış tibb müəssisələrində müalicə alırlar. Epidemiya dövrlərində isə müvəqqəti hospitallar və yerləşdirmə məntəqələri təşkil olunur.
İnfeksion xəstəliklərlə mübarizədə vaksinasiya, sanitariya-gigiyenik qaydalara riayət, epidemioloji nəzarət və ictimai maarifləndirmə əsas profilaktik vasitələr kimi çıxış edir. Səhiyyə Nazirliyi əhalini sağlamlıqla bağlı tövsiyələrə əməl etməyə, peyvəndləmədə fəal iştirak etməyə və gigiyena qaydalarına riayət etməyə çağırır.