Kəskin respirator virus infeksiyaları
Kəskin respirator virus infeksiyaları (KRVİ) – kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, respirator sinistial, rinovirus və reovirus infeksiyaları aiddir. yer kürəsində ən çox yayılmış xəstəlikdir. Dünyada hər il 1 mlrd.-dan çox xəstə qeydə alınır. KRVİ əsasən uşaqlarda müşahidə olunur. Uşaqların immun sistemləri tam formalaşmadığı üçün qrip virusu onların orqanizmində daha sürətlə yayıla bilir.
Xəstəlik epidemik və pandemik yayılmağa meyillidir. Virus dəyişkən olduğu üçün epidemik prosesin gedişində törədicinin rekombinant variantları əmələ gəlir ki, buna da əhali həssas olur. Belə həssaslıq xəstələrin sayının çox tez artmasına səbəb olur. İnfeksiya asanlıqla ötürülür və xəstəlik sürətlə yayılır. İnfeksiyanın ötürülməsi ancaq hava-damcı yolu ilə olur. Virus yuxarı tənəffüs yollarının selikli qişasından asqırma, öskürmə, danışıq və tənəffüs zamanı xaric olur və aerozol şəklində asılmış vəziyyətdə bir neçə dəqiqə saxlanıla bilər. Nadir hallarda infeksiya qulluq əşyaları, oyuncaqlar, əmzik, yataq ağları, qab-qaşıq vasitəsilə ötürülə bilər.
KRVİ-nın ən çox rast gəlinən forması qrip xəstəliyidir. Qrip xəstəliyi qışda özünün pik həddinə çatır, bu, soyuq temperaturda virusun daha çox sağ qalması ilə əlaqədardır.
Qrip virusundan qorunmağın ən effektiv yolu peyvəndləmədir. Qrip xəstəliyinə hər il oktyabr ayından başlayaraq aprel-may ayları da daxil olmaqla yoluxmaq mümkündür. Bu səbəblə qrip peyvəndi hər il sentyabr-oktyabr ayından başlanaraq vurulmalıdır.
Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən 2024-cü ilin sentyabr ayından başlayaraq ölkə ərazisində mövsümi qrip əleyhinə vaksinasiya tədbirləri uğurla həyata keçirilir.
Əhali arasında qrip əleyhinə peyvəndləmə könüllü şəkildə aparılır. Qrip peyvəndini 6 aylıqdan yuxarı şəxslərə vurmaq olar. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və tam ödənişsizdir.
Qrip peyvəndi bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur. Peyvənd qripdən 70%-dən çox hallarda qoruyur və yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısını alır. İmmunitetin yaranması üçün peyvənd nə qədər önəmlidirsə, qidalanmanın da yetərli və balanslı olması bir o qədər vacibdir. Əsas məqsəd orqanizmdə maye və mineral balansı təmin etməkdir.
Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, insanların sıx olduğu mühitlərdən və xəstə insanlardan uzaq durmaq da mühüm əhəmiyyət kəsb edir.
Qrip tənəffüs yolları ilə yayılan bir xəstəlik olduğundan, yoluxmuş insanların xəstəliyin digər insanlara keçməməsi üçün mümkün qədər təcrid olunması tövsiyə olunur. Bu səbəbdən qrip əlamətləri olan və ya xəstəliyi müxtəlif diaqnostik üsullarla təsdiqlənən şəxslər ictimai nəqliyyatla səyahət etməməli, zərurət yarandıqda ifrazatların havaya yayılmasının qarşısını almaq üçün maskadan istifadə etməyə diqqət etməlidirlər. Məktəblərdə, bağçalarda və digər uşaq müəssisələrində uşaqlarda respirator virus qeydə alınarsa, uşaq evdə qalmalı, həkimə müraciət edilməlidir.
Məktəb və bağçalarda gündəlik təmizlik işləri görülməli, səthlər nəm üsulla silinməlidir. Otaqların havası tez-tez dəyişdirilməlidir.
Afaq Əliyeva
“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktorun epidemioloji məsələlər üzrə müavini
Aygün İsmayılova
“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Epidemioloji şöbəsinin müdiri