Kəskin Süst İfliclər üzərində nəzarətin tətbiq olunmasına dair növbəti təlim Ağdam rayonunda keçirilib
Ana səhifə › Xəbərlər › Kəskin Süst İfliclər üzərində nəzarətin tətbiq olunmasına dair növbəti təlim Ağdam rayonunda keçirilib
Kəskin Süst İfliclər üzərində nəzarətin tətbiq olunmasına dair növbəti təlim Ağdam rayonunda keçirilib
Okt 17, 2025 11 Views
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən ölkə üzrə Kəskin Süst İfliclərə (KSİ) dair epidemioloji nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu məqsədlə 2025-ci ilin 13–15 oktyabr tarixlərində Ağdam rayonunda təlimlər təşkil olunub.
Tədbirdə Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Rayon Mərkəzi Xəstəxanasının, Ailə Sağlamlıq Mərkəzlərinin və həkim-tibb məntəqələrinin əməkdaşları iştirak ediblər.
Təlim prosesi çərçivəsində bölgədə fəaliyyət göstərən səhiyyə müəssisələrində monitorinqlər aparılıb. Monitorinqlər zamanı poliomielit əleyhinə peyvəndləmə ilə əhatə səviyyəsi təhlil olunub və əldə edilən nəticələr əsasında müvafiq müzakirələr aparılıb. Mütəxəssislər tibb işçilərinə KSİ hallarının vaxtında aşkarlanması, xəstəliyin klinik əlamətlərinin tanınması, laborator diaqnostika metodlarının tətbiqi və epidemioloji araşdırmaların aparılması prinsipləri barədə geniş məlumat veriblər.
Tədbirin əsas məqsədi səhiyyə işçilərinin KSİ üzərində effektiv epidemioloji nəzarət sahəsində bilik və bacarıqlarının artırılması, mövcud nəzarət sisteminin davamlı inkişaf etdirilməsi və KSİ-yə qarşı operativ reaksiya imkanlarının təkmilləşdirilməsidir.
Təlimlər çərçivəsində həmçinin Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilmiş “poliomielitdən azad ərazi” statusunun qorunması üçün qarşıda duran prioritet vəzifələr müzakirə olunub.