Kəskin süst ifliclərin aşkar olunmasına dair təlim və monitorinqlərin keçirilməsinə start verilib

Səhiyyə Nazirliyinin “Kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin davam edilməsi barədə” 54 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”na əsasən ölkədə poliomielitin profilaktikası və kəskin süst ifliclərin aşkar olunmasına dair təlim və monitorinqlərin keçirilməsinə start verilib.

Bu məqsədlə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim – epidemioloqları 23 – 25 iyun tarixləri arasında Göygöl rayonuna ezam olunublar.

Təlim zamanı Göygöl rayon və Balçılı Ailə Sağlamlıq Mərkəzlərində, Topalhəsənli kənd həkim məntəqəsində və Göygöl rayon Gigiyena və Epidemiologiya Mərkəzində monitorinqlər təşkil edilib.

Monitorinqlərdə tibb işçilərinə KSİ hadisələrinin aktiv aşkarlanması, araşdırılması, məlumatların təhlil edilməsi və uşaqların poliomielitə qarşı peyvəndlə əhatə olunmasının yüksək səviyyədə saxlanılması barədə ətraflı məlumat verilib.

Bu monitorinqlərin keçirilməsi ölkənin poliomielitdən azad ərazi statusunun saxlanılması üçün çox vacib addımdır.