Malyariya xəstəliyi haqqında nəyi bilməliyik?!

Malyariya – parazitlər tərəfindən törədilən, dişi Anopheles ağcaqanadlarının dişləməsi nəticəsində insanlara ötürülən və sağlamlıq üçün təhlükəli xəstəlikdir. İnsanlarda malyariya törədən parazitlərin 5 növü mövcuddur ki, bunlardan ikisi – Plasmodium falciparum və Plasmodium vivax daha təhlükəlidirlər. İnfeksiya törədicisi parazitlərdir, insandan insana yoluxma baş vermir.

Xəstəliyin simptomları yüngül və ya həyat üçün təhlükəli ola bilər. Yüngül simptomlara qızdırma, titrətmə və baş ağrıları aiddir.

Malyariyanın bəzi növləri ağır xəstəliyə və ölümə gətirib çıxara bilər. Ən çox risk qrupuna daxil olanlar körpələr, 5 yaşına kimi uşaqlar, hamilə qadınlar, səyahətçilər və QİÇS-ə yoluxmuş insanlardır. Xəstəliyin ağır simptomlarına yorğunluq, huşun pozulması, çoxsaylı qıcolmalar, çətinləşmiş tənəffüs, tünd və ya qanlı sidik, sarılıq (göz və dərinin sarılığı), qanaxma aiddir.

Malyariyaya yoluxmanın qarşını ağcaqanad dişləmələrindən qorunmaq və dərman preparatlarının qəbulu ilə almaq olar. Müalicə üsulu yüngül halların ağırlaşmasının qarşısını ala bilir. Hamilə vaxtı malyariya ilə yoluxma vaxtından əvvəl doğuşlara və ya az çəkili uşaqların doğulmasına səbəb ola bilər.

Ölkəmizdə, keçən əsrdə malyariya xəstəliyinin 5 geniş miqyaslı epide­miyası baş vermişdir. Sonuncu epidemiya 1994-cü ildə baş­la­mış­dır.

Ölkəmiz, Daşkənd şəhərində 2005-ci ildə qəbul edilmiş, “Avropa regionunda malyariya ilə mübarizədən onun eliminasiyasına doğru” Bəyan­naməsinə qoşulmuş və aparılmış kompleks mübarizə və profilaktika tədbir­lərinin nəticəsində Respublika ərazisində malyariyanın tam elimina­siyasına nail olunmuşdur. Bununla da, Ölkəmiz malyariyadan azad ölkə statusu qazanmışdır.

Ölkə üzrə malyariyanın müayinəsi Respublika GEM-nin referens laboratoriyasında və bəzi şəhər və rayon GEM-lərinin laboratoriyalarında aparılır.

 Malyariya üzərində epidemioloji nəzarət – malyariya ilə bağlı məlumatların davamlı olaraq sistematik şəkildə toplanması, təhlili, şərh edilməsi ictimai səhiyyə xidmətlərinin planlaşdırılma, həyata keçirilmə və qiymətləndirilməsində istifadə edilməsidir. Malyariya hadisələrinə və onun nəticəsində ölüm hallarına nəzarətin təkmilləşdirilməsi hansı ərazilərin və ya populyasiyaların daha çox təsir altında olmasını müəyyən etməyə kömək edir və həmçinin xəstəliyin strukturundakı dəyişiklikləri izləməyə imkan verir. Malyariya üzərində güclü epidemioloji nəzarət sistemləri ölkələrə ictimai səhiyyə sahəsində təsirli cavab tədbirləri hazırlamağa və malyariyaya nəzarət proqramlarının təsirinin qiymətləndirilməsinə kömək edir.

         

 

 

 

Please select an image first to render the grid properly