1. Ümumi müddəalar

 

1.1 “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” (bundan sonra – Mərkəz) “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.7.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena va Epidemiologiya Mərkəzi əsasında publik hüquqi şəxs statusunda yaradılmışdır.

1.2 Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununu, “Publik hüquqi şəxslər haqqında “Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Nızamnaməni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra – Nazirlik) qərar, əmr va sərəncamlarını rəhbər tutur.

1.3 Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və  dövlət  reyestri  haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra publik hüquqi şəxs statusunu  əldə edir.

1.4 Mərkəz  dövlət  qeydiyyatına  alındığı  andan  mülki hüquqlara  malik olmaqla, mülki vəzifələr daşıyır və hüquq qabiliyyətinə isə onun ləğvinin başa çatdığı an xitam verilir.

1.5 Mərkəz  müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində dövlət gerbi, Nazirliyin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara va blanklara malikdir.

1.6 Mərkəzin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsaitlər, könüllü və icbari tibbi sığorta sistemindən daxil olan vəsaitlər, hüquqi və fiziki şəxslərin gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7 Mərkəz sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilər ki, bu fəaliyyət onun yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.

1.8 Azərbaycan Respublikası  Prezidentinin və Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla, Mərkəzin nizamnaməsini və  ona edilən dəyışiklikləri Nazirlik təsdiq edir.

1.9 Mərkəz öz fəaliyyəti barədə ictimaiyyəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırır.

1.10  Mərkəz Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Azər Manafov küçəsi, 22 ünvanında yerləşir.

 

2. Mərkəzin fəaliyyətinin məqsədi və istiqamətləri

 

2.1 Mərkəzin fəaliyyətinin əsas məqsədi xidmət göstərdiyi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsi üçün əhalinin sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya­epidemioloji salamatlığının təmin edilməsinə yönəldilmiş tədbirlərin, Respublika ərazisində yoluxucu xəstəliklərin profilaktikası və əksepidemik tədbirlərin təşkili və həyata keçirilməsindən ibarətdir.

2.2 Mərkəz dövlət sanitariya  nəzarətinin və əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir.

2.3 Mərkəz ”Əhalinin sağlamlığının qorunması haqqında” və “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunları və digər müvafiq normativ ­ hüquqi aktlara uyğun fəaliyyət göstərir .

2.4 Mərkəz fəallyyət istiqamətləri üzrə tibb mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması üzrə fəallyyət göstərən təhsil müəssisələri ilə müqavilə əsasında klinik baza kimi istifadə oluna  bilər.

3. Mərkəzin vəzifələri

 

3.1     Mərkəz aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1 Dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən qanunvericiliklə

müəyyən edilmiş profilaktik, gigiyenik, əksepdemik və tibbi-sosial tədbirlərin yerinə yetirilməsi üzərində dövlət sanitariya nəzarətini təşkil etmək və həyata keçirmək;

3.1.2  qida məhsulları istisna olmaqla, ətraf mühit amillərinin əhalinin sağlamlığına təhlükəli və zərərli təsirinin müəyyən edilməsi, qarşısının alınması və ləğvinə yönəldilmiş tədbirləri təşkil etmək və həyata keçirmək;

3.1.3 əhalinin sanitariya-epidemioloji salamatlığını təmin etməyə yönəldilmiş proqramların hazırlanmasında iştirak etmək, onların həyata keçirilməsinə təşkilati-metodik rəhbərliyi və nəzarəti təmin etmək;

3.1.4 əhalinin sağlamlığının qorunması va möhkəmləndirilməsi, yoluxucu və  parazitar xəstəliklərin profilaktikası və ləğvi sahəsində, habelə ekstremal vəziyyətlər   yarandıqda sanitariya-gigiyena tədbirlərini, epidemiya əleyhinə tədbirləri təşkil etmək və həyata keçirmək;

3.1.5 ətraf mühitin zərərli amillərinin gigiyena baxımından  normalaşdırılmasında iştirak etmək;

3.1.6 əhali arasında sağlam həyat tərzinin formalaşdırılması, əhalinin sanitariya mədəniyyətinin yüksəldilməsi üçün gigiyena biliklərinin təbliği işlərini təşkil etmək və həyata keçirmək;

3.1.7  sanitariya-epidemiolojı məsələlər üzrə  Azərbaycan            Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsində iştirak etmək;

3.1.8 sanitariya qaydaları və normalarının, gigiyena normativlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.9 əhalinin sanitariya-epidemioloji salamatlığının təmin  edilməsi sahəsində dövlət idarəetmə, hüquq-mühafizə təbiəti mühafizə, digər nəzarətedici orqanlarla, ictimai birliklərlə, beynəlxalq təşkilatların Azərbaycan Respublıkasında  fəaliyyət göstərən nümayəndəlikləri ilə əlaqəli fəaliyyəti təşkil etmək və həyata keçirmək;

3.1.10 qida məhsulları istisna olmaqla, insan orqanizmi üçün təhlükə törədə bilən işlərin, xidmətlərin və məhsulların normativ-texniki sənədlərini müəyyən edilmiş qaydada razılaşdırmaq;

3.1.11  ətraf   mühit   faktorlarının   əhalinin  sağlamlığına  zərərli təsirinin  monitorinqini aparmaq;

3.1.12 özünün və tabeliyində olan qurumların immunoloji  preparatlara,  reaktivlərə, qidalı mühitlərə, cihaz və avadanlıqlara olan təlabatı barədə ümumiləşdirilmiş vahid sifarişləri tərtib etmək;

3.1.13  dövlət, regional və yerli sağlamlıq proqramlarına əhalinin sanitariya-epidemioloji salamatlığı məsələləri üzrə təkliflər hazırlamaq;

3.1.14 beynəlxalq təcrübələri nəzərə alaraq daxili idarəetmə sistemini təkmilləşdirmək, onun inkişaf etdirilməsini təmin etmək;

3.1.15 fəaliyyətinin təşkilati forma və üsullarını inkişaf etdirmək və təkmilləşdirmək;

3.1.16  fəaliyyətini tənzimləyən aktlardan istifadə etmək;

3.1.17 Mərkəzin qabaqcıl beynəlxalq təcrübəyə uyğun fəaliyyətinin qurulması, innovativ siyasətin formalaşdırılması ilə bağlı təkliflər, rəylər və məsləhətlər vermək;

3.1.18 profilaktik və əksepidemik tədbirlərin aparılması işində sanitariya-epidemioloji xidmətinə, tibb müəssisələrinə və digər qurumlara metodik yardım göstərmək;

3.1.19 elektron proqramlardan geniş istifadə etməklə Mərkəzin və tabeliyində olan qurumların fəaliyyəti ilə bağlı məlumat bazası yaratmaq, hesabatları hazırlamaq və Nazirliyə çatdırılmasını təmin etmək;

3.1.20 strukturunun və tabeliyində olan qurumların fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək və tədbirlər görmək;

3.1.21  işçilərin sanitar-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirmək;

3.1.22  ayrılan büdcə vəsaitləri, kreditlər  qrantlar, əldə edilən büdcədənkənar vəsaitdən və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.23 işçilər üçün sağlam və təhlükəsiz iş şəraitini təmin etmək;

3.1.24 Mərkəzin struktur bölmələrinin və tabeliyində olan qurumların mütəxəssislərinin peşə biliyi və bacarıqlarının təkmilləşdirilməsini təşkil etmək, onları ixtisas səviyyələrinin artırılmasına cəlb etmək;

3.1.25  həkim sirrinin qorunması üçün tədbirlər görmək;

3.1.26 Mərkəzin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyətinin keyfiyyətini və səmərəliliyini təhlil etmək;

3.1.27 “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1. maddəsinə uyğun olaraq mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək, dövlət hesabat məlumatlarını toplamaq, ümumiləşdirmək, təhlil etmək və müvafiq dövlət orqanlarına təqdim etmək;

3.1.28 dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.29  fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxmaq və tədbirlər görmək;

3.1.30 səlahiyyətləri daxilində Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin yayılmasının qarşısının alınmasına və ləğv edilməsinə yönəldilmiş xüsusi təhsil, hərəkət, daşıma və əmək rejimi şərtlərinin qoyulması və ləğv edilməsi üzrə tədbirlər görmək;

3.1.31 fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4. Mərkəzin hüquqları

 

4.1     Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1 qanunvericiliyə  uyğun olaraq pullu tibbi xidmət göstərmək, həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda həmin qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutmaq;

4.1.2 Azərbaycan Respublikasının yoxlamaların aparılmasına dair qanunvericilik aktlarının və sanitariya qanunvericiliyinin tələblərinə əməl edilməklə qüvvədə olan sanitariya normalarına və qaydalarına gigiyena normativlərinə əməl edilməsini qiymətləndirmək məqsədilə qida məhsullarının və xammalının islehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla idarələrdə, təşkilatlarda yoxlamalar aparmaq, müəssisələrdə sanitariya  normaları və qaydaları, gigiyena  normativləri pozuntularını  aradan qaldırmağı onlardan tələb etmək;

4.1.3 zəruri hallarda elmi müəssisə və təşkilatlara, ali məktəblərə, digər  müəssisələrə xüsusi ekspertizalar və məsləhətləşmələr keçirilməsi barədə müraciət etmək;

4.1.4 qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla layihələşdirmə və tikinti işlərinin, habelə tikintisi, yenidən qurulması başa çatdırılmış obyektlərin istismara verilməsini, işləyən müəssisələrin, təşkilatların, ayrı-ayrı istehsal sexlərinin, sahələrinin, qurğularının, avadanlığının, istismarının, məhsulların istehsalına başlanmasını və tətbiqini, içməli su mənbələrində və təsərrüfat, mədəni sağlamlaşdırma məqsədləri üçün su mənbələrindən istifadə olunmasını zəruri  tədbirlər görülənədək və sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin mövcud pozuntuları aradan qaldırılanadək dayandırmaq, bu normalara və qaydalara, normativlərə əməl etmək mümkün olmadıqda isə həmin işlərə xitam vermək;

4.1.5 sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğun gəlməyən torpaq sahəsinin seçilməsinə, yaşayış ictimai istehsal obyektlərinin və qidalanma obyektləri istisna olmaqla digər obyektlərin tikilməsinə yenidən qurulmasına və genişləndirilməsinə dair layihəqabağı sənədləri və layihə sənədlərini razılaşdırılmaq üçün qəbul etməmək;

4.1.6 yaşayış məntəqələrinin planlaşdırılması, tikintisi layihələri və obyektlərin yerləşdirilməsinə dair perspektiv planların layihələri barəsində, tikinti üçün torpaq sahələri verilməsi, əhalinin sudan istifadə yerlərinin və şərtlərinin müəyyənləşdirilməsi, çirkab suların axıdılması, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması layihələri barəsində dövlət orqanlarına, ictimai birliklərə, müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əsaslanmaqla hazırlanan, hökmən yerinə yetirilməli olan rəyləri müəyyən edilmiş qaydada vermək;

4.1.7 qida məhsulları və xammalı istisna olmaqla yeni növ xammal, materiallar, maddələr,məmulat, digər məhsullar, onların istehsalı texnologiyaları standartlarının və texniki şərtlərinin layihələrinə baxıb rəy vermək;

4.1.8 qida məhsulları və xammalı istehsalı, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla sənaye,ictimai və yaşayış binalarının, komplekslərinin, kənd təsərrüfatı müəssisələrinin  və qurğularının, digər müəssisələrin və qurğuların qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğun olub-olmaması barədə rəy vermək;

4.1.9  qida məhsulları və xammalı  istehsalı, daşınması,  saxlanması və satışı obyektlərində fəaliyyət göstərən şəxslər istisna olmaqla yoluxucu və parazitar xəstəliklər yaymaq təhlükəsi yaradan şəxsləri, habelə sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənar edilməsini, yoluxucu və parazitar xəstəliklərə  tutulan, ətrafdakılar üçün təhlükə yaradan şəxslərin xəstəxanaya yerləşdirilməsini, epidemiya əleyhinə və profilaktika tədbirləri görülməsini ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin rəhbərlərindan, vəzifəli şəxslərdən və vətəndaşlardan tələb etmək;

4.1.10  qida məhsulları və xammalı istehsalı, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla obyektlərin sanitariya vəziyyətıni aydınlaşdırmaq və sağlamlıq vəziyyətinin epidemioloji analizini keçirmək üçün zəruri olan ayrı-ayrı sənədləri, məlumatı və izahatı vəzifəli şəxslərdən və vətəndaşlardan tələb etmək;

4.1.11 akkreditasiya sahəsinə müvafiq olaraq laboratoriya analizinin və gigiyena ekspertizasının  keçirilməsı üçün məmulatı, əşyaları və materialları, o cümlədən bioloji nümunələri götürmək, habelə tədqiqatlar (ölçmələr) aparmaq;

4.1.12  epidemioloji göstəricilər əsasında əhaliyə və ya vətəndaşların ayrı-ayrı qruplarına profilaktik peyvəndlər vurmaq haqqında, profilaktika məqsədilə və yoluxucu xəstəlik mənbələrində, habelə bu xəstəliklərin əmələ gəlməsi üçün şərait olan binalarda və ərazidə dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya aparmaq haqqında qərar qəbul etmək;

4.1.13 Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin, sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması faktları barədə materiallara baxılması üçün vəzifəli şəxsləri və vətəndaşları Mərkəzə çağırmaq;

4.1.14 vəzifəli şəxslərin və vətəndaşların sanitariya sahəsində inzibati xətalara dair işlərinə baxmaq, inzibati tənbeh etmək, cinayət işlərinin qaldırılması üçün materialları istintaq orqanlarına vermək, inzibati təsir tədbirləri görülməsinə dair idarəetmə orqanlarına təkliflər vermək və görülmüş iş barəsində onlardan məlumat tələb etmək;

4.1.15  əhalinin  kütləvi xəstələnməsi və zəhərlənməsi (qida zəhərlənmələri istisna olmaqla) zamanı sanitariya-gigiyena tədbirlərinin, epidemiya əleyhinə və digər tibbi tədbirlərin görülməsi  üçün   müalicə-profilaktika   və   sanitariya-profilaktika   müəssisələrinin   çəkdikləri xərclərin ödənilməsi barədə tələblər irəli sürmək;

4.1.16  laboratoriya  heyvanlarını çoxaltmaq və realizə etmək;

4.1.17 sanitariya-epidemioloji məsələlərə həsr olunmuş sərgi, konfrans, seminar, simpozium, qurultaylar və digər tədbirlər təşkil etmək və belə tədbirlərdə iştirak etmək;

4.1.18  sanitariya-epidemioloji  müayinələri, təhqiqatları, sınaqları, həmçinin toksikoloji, gigiyenik və digər növ qiymətləndirmə və ekspertizaları həyata keçirmək;

4.1.19 qanunvericiliklə nəzərdə  tutulmuş  qaydada  qeyri-ərzaq  məhsullarına  gigiyenik sertifikatlar vermək;

4.1.20 fəaliyyət sahəsi üzrə tədqiqatlar aparmaq, sanitariya-epidemioloji sahənin inkişafına dair İnnovasiyaları tətbiq etmək, təklif və tövsiyələr hazırlayaraq, müvafiq sahələr üzrə dövlət, idarəetmə orqanları və digər təşkilatlarla əməkdaşlıq etmək;

4.1.21 sanitariya-epidemioloji məsələlər üzrə beynəlxalq və regional təşkilatlarla, xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq etmək, xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənmək  və  tətbiq  etmək, fəaliyyətinin beynəlxalq və regional sistemlərə  uyğunlaşdırılması istiqamətində tədbirlər görmək;

4.1.22  sanitariya-epidemiolojl məsələlər üzrə analitik materialların hazırlanmasında, təhlillərin, tədqiqatların aparılmasında iştirak etmək;

4.1.23  fəaliyyət sahəsi üzrə dövlət və bələdiyyə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.24 müstəqil ekspertləri, o cümlədən xarici ölkələrdə hazırlıq keçən tibb mütəxəssislərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada öz fəaliyyətinə cəlb etmək;

4.1.25  sanitariya-epidemioloji məsələlərə və öz fəaliyyatinə dair xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, ictimai məlumatlığın artırılması məqsədi ilə internet səhifəsi yaratmaq;

4.1.26  fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

 

5. Mərkəzin fəaliyyətinin idarə olunması

 

5.1   Mərkəzin strukturunun, işçilərin say həddinin və əməkhaqqı fondunun təsdiq edilməsi Nazirlik tərəfindən həyata keçirilir.

5.2  Mərkəzin fəaliyyətinə Azərbaycan Respublikasının Səhiyyə naziri (bundan sonra  Nazir) tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən baş direktor rəhbərlik edir. Baş direktor Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3  Mərkəzin baş direktorunun Nazir tərəfindən vəzifəyə təyin  edilən   və vəzifədən azad edilən müavini (müavinləri) vardır.

5.4  Baş direktorun müavini (müavinləri) onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5  Baş direktor:

5.5.18 Mərkəzin işini təşkil edir, ona rəhbərlik edir və onun adından vəkalətnaməsiz fəaliyyət göstərir, operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərə münasibətdə, o cümlədən məhkəmədə Mərkəzi təmsil edir;

5.5.19  Müavinləri arasında vəzifə və iş bölgüsü aparır. Mərkəzin digər vəzifəli şəxslərinin həvalə edilmiş sahələr üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.20  Mərkəzin strukturuna daxil olan və tabeliyindəki qurumların vəzifə təlimatlarını təsdiq edir, onların fəaliyyətlərinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini təmin edir, müvafiq yoxlamalar təşkil edir;

5.5.21  Mərkəzin iş planını təsdiq edir, onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirir.

5.5.22  Mərkəzin fəaliyyətini Nazirlik sisteminə daxil olan qurumlarla əlaqələndirir;

5.5.23  Mərkəzin fəaliyyəti ilə bağlı məsələlərin Nazirliyin kollegiyasının  müzakirəsinə çıxarılması üçün  təşəbbüs  göstərir, bu məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;

5.5.24  Nazirliyin iş planında və qərarlarında, əmr və sərəncamların da nəzərdə tutulmuş aidiyyatı tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.5.25  Mərkəzin və onun strukturuna daxil olan qurumların fəaliyyətinə, tabeliyində olan işçilərin vəzifələrinin yerinə yetirilməsinə, mərkəzdə icra və əmək intizamına nəzarət edir;

5.5.26  Müəyyən edilmiş struktur, işçilərin sayı həddi və ayrılmış büdcə vəsaitləri daxilində Mərkəzin və strukturuna daxil olan digər qurumların xərclər smetasına dair Nazirliyə təkliflər verir;

5.5.27  Mərkəzin fəaliyyətinin , ştat va strukturunun təkmilləşdirilməsinə  dair Nazirliyə təkliflər verir;

5.5.28  Səlahiyyətləri daxilində kadr  məsələlərini həll edir;

5.5.29 Qanunvericilikdə müəyyən edilmiş qaydada işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq edilməsi və vəzifədən kənarlaşdırılması barədə tədbirlər görür;

5.5.30  Azərbaycan Respublikası Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq tabeliyində fəaliyyət göstərən qurumların rəhbərləri və rəhbər müavinləri barəsində intizam tənbehi tədbirləri görür, onların vəzifəyə təyin edilməsi, zəruri hallarda onların əmək müqaviləsinin ləğv edilməsi üçün Səhiyyə Nazirliyinə təqdimat verir;

5.5.31 Dövlət  büdcəsindən   ayrılan və büdcədənkənar vəsaitlərin həddi         nəzərə alınmaqla, işçilərin  vəzifə  maaşlarına  əlavələrin,  maddi yardımın və mükafatların verilməsini təmin edir;

5.5.32  Dövlət büdcəsindən ayrılmış vəsait və ştat sayı hüdudlarında tabeliyində olan qurumların  yaradılması,  yenidən  təşkili və  ləğv  edilməsi,  habelə  yeni  ştat  vahidlərinin ayrılması barədə Nazirliyə təkliflər verir;

5.5.33  Səlahiyyətləri daxilində korrupsiyaya və maraqlar toqquşmasına qarşı tədbirlər görür;

5.3.34 Səlahiyyətləri daxilində icrası məcburi olan əmr, sərəncam və yazılı göstərişlər  verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

5.3.35 Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını və məxfilik rejiminə riayət olunmasını təmin edir;

5.3.36 Dövlət büdcəsindən ayrılmış və büdcədənkənar vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsini təmin edir;

5 5.37  Səlahiyyətləri daxilində digər məsələləri həll edir;

5.6. Mərkəzin baş direktorunun müavini:

5.6.18  Vəzifə bölgüsü ilə ona həvalə olunmuş sahələrin fəaliyyətinə görə məsuliyyət daşıyır;

5.6.19  Ona həvalə olunmuş sahənin işinə nəzarət edir;

5.6.20 Həvalə olunmuş sahələr üzrə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə  baş direktora təkliflər verir;

5.6.21 Ümumiləşdirmələr aparır,statistik və digər hesabatları hazırlayaraq baş direktora təqdim edir;

5.6.22  Baş  direktor  vəzifəsini icra  edə  bilmədikdə, Nazirin tapşırığına əsasən  onun vəzifələrini yerinə yetirir;

5.6.23 Peşə hazırlığının yüksəldilməsi məqsədi ilə tibb elmini daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır;

5.6.24 Fəaliyyəti ilə bağlı Nazirliyin rəhbərliyinin və baş direktorun tapşırıqlarını yerinə yetirir;

5.7.  Mərkəzdə baş direktordan, müavindən (müavinlərdən), struktur  bölmələrin rəhbər işçilərindən və aparıcı mütəxəssislərdən ibarət məşvərətçi kollegial orqan- Sanitariya­epidemioloji Şura yaradılır. Sanitariya-epidemioloji Şuranın üzvlərinin sayı və fərdi tərkibi Səhiyyə naziri tərəfindən müəyyən edilir.

5.8  Sanitariya-epidemioloji Şura:

5.8.18  Mərkəzin fəaliyyət  istiqamətlərinə uyğun olaraq normativ sənədlərin tətbiqini təmin edir;

5.8.19  Mərkəzdə həyata  keçirilən  ayrı-ayrı sahələr  üzrə  fəaliyyətin  keyfiyyətini  və səmərəliliyini öyrənir , bu fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müzakirələr təşkil edir;

5.8.20  Mərkəzin dövri hesabatlarına dair dinləmələr  keçirir və onun fəaliyyətinə qiymət verir;

5.8.21 Mərkəzin və tabeliyində olan qurumların fəaliyyətində aşkar edilmiş ciddi nöqsanları müzakirə edir, nəticəsindən asılı olaraq, ayrı-ayrı işçilər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə tövsiyələr verir;

5.8.22  Sanitariya-epidemioloji sahənin aktual məsələlərinə həsr olunmuş müzakirələrin və elmi-praktik konfransların mövzularını müəyyən edir;

5.8.23 Yoluxucu  xəstəliklərin    profilaktikası və epidemiya əleyhinə tədbirlərin aparılmasında yaranan ciddi problemlər baş verdiyi hallarda tibb müəssisələri və təsərrüfat idarələrinin rəhbərləri və mütəxəssisləri cəlb edilməklə müzakirələr aparır və tövsiyələr verir;

5.8.24  Mərkəzin iş planını və onun icrası vəziyyətini müzakirə edir, müvafiq tövsiyələr verir.

5.9 Sanitariya-epidemioloji  Şuranın iclasları onun  üzvlərinin yarıdan  çoxu  iştirak etdikdə səlahiyyətlidir. Sanitariya-epidemioloji Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olarsa, Sanitariya-epidemioloji Şuranın sədrinin səsi həlledici  hesab edilir.

5.10 Sanitariya-epidemioloji Şuranın qərarları protokolla rəsmiləşdirilir və Şuranın sədri tərəfindən təsdiq edilir.

5.11 Sanitariya-epidemioloji Şuranın iclasları Şuraya sədrlik edən baş direktor tərəfindən mütəmadi olaraq çağırılır.

5.12  Mərkəzin fəaliyyətinə nəzarət Nazirlik, baş direktor və Sanitariya-epidemioloji Şura tərəfindən həyata keçirilir.

 

6. Mərkəzin nizamnamə fondu və əmlakı

 

6.1  Mərkəzin nizamnamə fondu Nazirlik tərəfindən verilmiş binanın, həyətyanı torpaq sahəsinin, digər əsas vəsaitlərin dəyərindən ibarətdir və 2.039.418 (iki milyon otuz doqquz min dörd yüz on səkkiz) manat təşkil edir.

6.2  Mərkəzin əmlakı nizamnamə  fondundan,  ona  Nazirlik tərəfindən  verilmiş digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə  edilən daxilolmalardan,  ianələrdən  və qrantlardan formalaşır.

6.3  Mərkəz əmlakı üzərində sahiblik və istifadə hüququnu yalnız məqsədlərinə uyğun olaraq sərbəst , sərəncam vermək hüququnu isə Nazirliklə razılaşdırmaqla həyata keçirir.

6.4  Nazirlik Mərkəzin öhdəlikləri üçün cavabdeh deyil və onun fəaliyyəti ilə bağlı zərər üçün Mərkəzə verdiyi əmlakın dəyəri həddində risk daşıyır.

 

7. Mərkəzin yenidən təşkili və ləğvi

 

7.1  Mərkəzin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.