Respublika GEM-nin mütəxəssisləri DSX Sərhəd Nəzarətinin hərbi qulluqçuları üçün onlayn seminar keçirib
Ana səhifə › Xəbərlər › Respublika GEM-nin mütəxəssisləri DSX Sərhəd Nəzarətinin hərbi qulluqçuları üçün onlayn seminar keçirib
Respublika GEM-nin mütəxəssisləri DSX Sərhəd Nəzarətinin hərbi qulluqçuları üçün onlayn seminar keçirib
Okt 7, 2024 355 Views
4 oktyabr 2024-cü il tarixdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorunun müavini A. Əliyeva tərəfindən Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Nəzarətinin hərbi qulluqçuları üçün Zoom platforması vasitəsilə “Meymunçiçəyi” xəstəliyinə dair təlim keçirilib. Təlimdə Sərhəd Xidmətinin 18 sərhəd buraxılış məntəqəsinin 665 nəfər hərbi qulluqçusu iştirak edib.
Təlim iştirakçılarına meymunçiçəyi virusuna görə dünya üzrə epidemioloji vəziyyət, Afrika qitəsində meymunçiçəyi virusunun yayılmasının davam etməsi barədə ətraflı məlumat verilib. 2022-ci ilin yanvar ayından 2024-cü ilin avqust ayınadək dünyanın 120-dən çox ölkəsində 100 mindən çox laborator təsdiq olunmuş hadisə və 220-dən çox ölüm hadisəsinin olması qeyd edilib.
Meymunçiçəyi xəstəliyinə görə yaranmış vəziyyətlə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 14 avqust 2024-cü il tarixində meymunçiçəyi xəstəliyinin alovlanmasını “İctimai sağlamlıq üçün beynəlxalq fövqəladə vəziyyət” elan edildiyi bildirilib.
Təlim zamanı meymunçiçəyi xəstəliyinin etiologiyası, virusun ötürülməsi, bu sahədə aparılan epidemioloji nəzarət, xəstəliyin klinikası, diaqnostikası, müalicəsi və profilaktikası barədə geniş məlumat verilib.
Eyni zamanda təlim iştirakçılarına sərhəd-keçid məntəqələrində meymunçiçəyi virusunun ölkəyə gətirilməsinin qarşısının alınmasında görüləcək tədbirlər barədə tövsiyələr verilib.