Səhiyyə nazirinin Əmrinə əsasən Azərbaycanda həyata keçirilən “İmmunlaşdırma Həftəsi”nin nəticələri
Yoluxucu xəstəliklərlə mübarizə işində immunoprofilaktika səhiyyənin prioritet sahələrindən biridir. İmmunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına və aradan qaldırılmasına yönəldilib.
Bununla əlaqədar, Azərbaycanın səhiyyə naziri Teymur Musayev 2024-cü il 21–27 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb. Əmr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma Həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.
Azərbaycanda “İmmunlaşdırma Həftəsi”nin keçirilməsi ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzləri (GEM) tərəfindən bütün şəhər, rayon ərazilərində işin təşkili üçün həkim-pediatr, immunoloq və nevroloqlarla görüşlər keçirilib, əhali arasında immunlaşdırmaya dair məlumatlandırma işləri aparılıb. Eyni zamanda, “İmmunlaşdırma Həftəsi” ərzində hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqlar profilaktik peyvəndlərə cəlb olunublar.
2023-cü ilin yekunlarına görə, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan ərazilərdə (Ağdam, Balakən, Siyəzən, Tovuz, Şabran, Xızı rayonlarında və Mingəçevir şəhərində) ÜST-nın texniki dəstəyi ilə monitorinqlər keçirilib. “İmmunlaşdırma Həftəsi” çərçivəsində Səhiyyə Nazirliyi Respublika GEM-nin nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında və Qobustan rayonunda maarifləndirici tədbirlər təşkil olunub.
Qeyd edək ki, immunoprofilaktika proqramı körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönələn ən vacib proqramdır. Ölkədə aparılan immunoprofilaktika tədbirləri nəticəsində bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçəsi isə eliminasiya olunub. Respublikada poliomielitdən azad ərazi statusunun saxlanması, məxmərəyin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər, eləcə də planlı şəkildə vaksinlərlə idarəolunan digər yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika və nəzarət tədbirləri həyata keçirilir.