
“Su və Sağlamlıq haqqında” Protokolunun icrası ilə bağlı 2022-2024-cü illər üzrə Azərbaycan Respublikasının hesabatı
Ölkə üzrə su ehtiyatlarının idarə olunması sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan addımlar əhalinin əlverişli yaşayış tərzinin yaxşılaşdırılmasına gətirib çıxarır. Bunu təsdiq edən nümunələrdən biri də 2024-cü ilin noyabrında COP-29 tədbirinin Azərbaycanda keçirilməsi olmuşdur. Bu tədbir su ehtiyatları sahəsində nailiyyətlərin təqdim olunması və digər ölkələrlə təcrübə mübadiləsi üçün imkan yaratmışdır. Bakıda keçirilən Ümumdünya İqlim Konfransı çərçivəsində Su Ehtiyatları üzrə İqlim Fəaliyyəti Bəyannaməsi ilk dəfə olaraq qəbul olunmuşdur. Bəyannamənin məqsədi iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizə sahəsində qlobal əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və siyasi tədbirlərin gücləndirilməsinə nail olmaqdır.
Cari ilin aprel ayında respublika üzrə Su axınlarının və Beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyasının “Su və Sağlamlıq haqqında” Protokolunun 7-ci maddəsinə əsasən “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin mütəxəssilərinin rəhbərliyi ilə digər dövlət qurumlarının – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Statistika Komitəsi, “SOCAR” Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin mütəxəssislərinin iştirakı ilə hesabat məruzəsi hazırlanmış və Birləşmiş Millətlər Təşkilatının Avropa İttifaqı Komissiyasının və Ümumdünya Səhiyyə Təşkilatının birgə Katibliyinə göndərilmişdir.
Hesabat dövründə normativ, hüquqi və infrastruktur dəyişikliklərinin həyata keçirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Müsbət faktlardan biri də 2023-cü ildə Azərbaycana Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkə ərazisində malyariyanın ləğv olunması ilə bağlı verilmiş sertifikatdır.
Həmçinin içməli suyun keyfiyyət standartlarına dair milli sənədlərin hazırlanması hədəfinə çatmaq üçün “İçməli su. Gigiyenik tələblər və keyfiyyətə nəzarət” AZS 929-23 yeni standart hazırlanaraq həyata keçirilib.
Səhiyyə sahəsində insan resurslarının təkmilləşdirilməsi, sanitariya maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği insanların həyat keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur. Su ehtiyatlarından səmərəli istifadənin artırılması, əhali arasında su problemləri ilə bağlı maarifləndirmə və məlumatlandırma məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən seminarlar təşkil olunmuşdur.
Seminarlar su ehtiyatlarının mühafizəsi, suyun səmərəli istifadəsi, sağlam həyat tərzinin təbliği və şəxsi gigiyena qaydalarına həsr olunmuşdur.
Təhlükəsiz içməli su və kanalizasiya ilə bağlı insan hüquqları normalarının həyata keçirilməsi məqsədilə ölkədə “Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya” qəbul edilmişdir.