
Uşaqların peyvənd olunması – sağlam gələcəyin təminatıdır
Dünyada hər il uşaqların vaksinasiyası sayəsində 4 milyon ölümün qarşısı alınır. Peyvəndlər uşağı, xüsusən immun sistemi zəif inkişaf etmiş körpələri ciddi fəsadlara və ya ölümə səbəb oluna biləcək xəstəliklərdən qoruyur.
Hər bir uşağın hələ də ciddi fəsadlar yaradan ağır xəstəliklərdən peyvəndlər vasitəsilə qorunmaq hüququ var. Məhz bu səbəblə, immunlaşdırmanın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Hazırda ölkəmizdə uşaqları bir sıra ciddi xəstəliklərdən qoruyan effektiv və təhlükəsiz peyvəndlər mövcuddur.
Peyvəndlər hər gün müxtəlif mikrob və viruslarla təmasda olan uşaqların immun sistemini gücləndirməklə onları peyvəndlə qarşısı alınan xəstəliklərdən qoruyur
Uşağın peyvənd təqviminə uyğun vaxtında peyvənd olunması vacibdir. Vaksinasiyanın əhatəsi aşağı düşdükdə kökü kəsilməkdə olan qızılca, difteriya, poliomielit kimi yüksək yoluxuculuğa malik olan təhlükəli xəstəliklər geri qayıda bilər.
Yoluxucu xəstəliklərin başlıca profilaktika yolu peyvənddir! Peyvəndlərin məhz vaxtında aparılması uşağın sağlamlığını qoruyur.
Vaksinasiya həyatın bütün dövrlərində sağlamlığı qoruyur.
Peyvəndlərin vurulmasında səbəbsiz gecikmələrə yol vermək olmaz.
Hər peyvəndin təqvimə uyğun yaşda vurulması çox vacibdir, çünki həmin yaş dövründə uşağın peyvəndlə qarşısı alınan təhlükəli xəstəliklərə məruz qalma riski olduqca yüksəkdir. Həmçinin uşaqda bu yaş dövründə peyvəndləmə nəticəsində daha güclü immunitet yaranır.
Peyvənd təqvimi elmi subutlara əsaslanaraq tərtib olunub.
Peyvəndlərin vurulmasında səbəbsiz gecikmələrə yol vermək olmaz. Peyvəndlər peyvənd təqviminə uyğun olaraq vaxtında tətbiq edilməlidir. Belə ki, peyvəndin vurulmasında gecikmə uşağın həssas olduğu dövrdə onu müdafiədən məhrum edir. Məsələn, Hib və pnevmokok kimi xəstəliklərdən demək olar ki əsasən 2 yaşadək uşaqlar əziyyət çəkir. Hepatit B, göyöskürək və bəzi digər peyvəndlərlə qarşısı alına bilən xəstəliklər az yaşlı uşaqlarda daha ağır keçir. Lakin uşaqlara peyvənd vurulduğu təqdirdə, onların immun sistemi güclənir və erkən yaşlarından etibarən həmin xəstəliklərə qarşı qorunmuş olur. Məhz buna görə də uşaqları doğulduğu gündən etibarən peyvənd cədvəlinə uyğun peyvənd etdirmək lazımdır.
Uşaq hər hansı səbəbdən bir və ya bir neçə peyvəndi vaxtında almayıbsa, yaxud ona ümumiyyətlə heç bir peyvənd vurulmayıbsa, belə hallarda uşağın gecikmiş peyvəndləmə cədvəlinə uyğun peyvənd olunması vacibdir.
Uşağın peyvəndləməsi gec başladıqda və ya yenidən bərpa olunduqda, peyvəndləmə əvvəllər vurulan peyvəndlərin nəzərə alınması şərtilə dayandırıldığı yerdən davam etdirilməlidir
Uşağın xəstələnməyini gözləmədən, onu peyvənd etdirmək mütləqdir, çünki xəstəliklərin fəsadları ağır və ölümcül ola bilər. Əgər uşaq peyvəndlə qarşısı alına bilən xəstəlikləri keçiribsə belə, uşaq yenə də peyvənd edilməlidir. Bu cox vacibdir, çünki:
– İki yaşından kiçik uşaqlar bəzi infeksiyaları (hemofil infeksiya, meningit, pnevmoniya) keçirdikdən sonra yetərli səviyyədə təbii immunitet əldə edə bilmirlər;
– Uşaq xəstəliyə yoluxduqda virus və ya bakteriyanın bir növünə yoluxur. Lakin peyvənd uşağı eyni xəstəliyi törədə biləcək mikrobun bir çox növündən qoruyur. Məs, pnevmokok əleyhinə peyvənd uşağı pnevmokok bakteriyasının 13 növündən qoruyur.
Azərbaycanda hazırda dövlət tibb müəssisələrində cari profilaktik peyvəndlər təqviminə uyğun 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır: Hepatit B, Vərəm, Difteriya, Göyöskürək, Tetanus, Poliomielit, B tipli hemofil infeksiya, Pnevmokok infeksiyası, Qızılca, Epidemik parotit, Məxmərək.
Səhiyyə Nazirliyi Respublika GEM-in Epidemioloji məsələlər
üzrə Baş direktorun müavini Afaq Əliyeva