Mövsümi qrip

   (məlumat ÜST-nin tövsiyələri əsasında hazırlanıb)

 

Əsas faktlar (ÜST)

– Hər il təxminən 1 milyard mövsümi qrip halı qeydə alınır, bunlardan 3–5 milyonu ağır formada olur

– Hər il qrip viruslarının səbəb olduğu tənəffüs sistemi xəstəliklərindən 290 000 – 650 000 nəfər həyatını itirir.

  • 5 yaşadək uşaqlar arasında qriplə əlaqəli aşağı tənəffüs yolları infeksiyalarından ölüm hallarının  99%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.

 

Əlamətlər və Simptomlar

Qripin simptomları adətən virusa yoluxmuş şəxslə təmasdan təxminən 2 gün sonra meydana çıxır.

Əsas simptomlara daxildir:

  • Kəskin başlayan yüksək hərarət
  • Öskürək (adətən quru)
  • Baş ağrısı
  • Əzələ və oynaqlarda ağrılar
  • Ümumi halsızlıq və yorğunluq
  • Boğaz ağrısı
  • Burun axması

 

         Öskürək bəzən çox güclü ola bilər, 2 həftə və ya daha uzun müddət davam edə bilər. Əksər insanlarda bədən hərarəti normallaşır və simptomlar bir həftə ərzində xüsusi tibbi müdaxilə olmadan keçir. Lakin qrip xüsusilə risk qrupuna aid insanlarda ağır xəstəliklərə və hətta ölümə səbəb ola bilər.

 

Risklər və ağırlaşmalar

Qrip xroniki xəstəlikləri olan insanlarda vəziyyəti daha da ağırlaşdıra bilər. Ağır hallarda pnevmoniya və sepsis kimi ciddi fəsadlara səbəb ola bilər.

Sağlamlıqla bağlı digər problemləri olanlar və ya şiddətli simptomlar yaşayanlar mütləq tibbi yardım almalıdır. Qrip səbəbil iə xəstəxanaya yerləşdirmə və ölüm halları əsasən yüksək risk qruplarında baş verir.

 

Epidemiologiya

Qrip bütün yaş qruplarında müşahidə oluna bilər, lakin bəzi əhali qrupları xüsusi risk altındadır.

  • Ağır xəstəlik və fəsadlar baxımından yüksək risk altında olanlar: hamilə qadınlar, 5 yaşdan kiçik uşaqlar, yaşlı insanlar, xroniki sağlamlıq problemləri olan şəxslər, məsələn: ürək, ağciyər və böyrək xəstəlikləri, maddələr mübadiləsi pozğunluqları, sinir sisteminin inkişaf pozuntuları, qaraciyər və qan xəstəlikləri, immun sistemi zəif olan şəxslər, məsələn:HİV/QİÇS xəstələri, kimyaterapiya, steroid müalicəsi alanlar, həmçinin, bədxassəli şişlər (xərçənglər) olanlar;
  • Tibb və sosial xidmət sahəsində çalışanlar, tibbi və sosial xidmət işçiləri pasiyentlərlə birbaşa təmasda olduqları üçün qrip virusuna yoluxma riski yüksək olan qrupdur. Onlar həmçinin infeksiyanı başqalarına, xüsusilə də risk qruplarına ötürə bilərlər.

 

İnfeksiyanın Yayılması

        Mövsümi qrip, xüsusilə insanların sıx toplaşdığı yerlərdə – məsələn, məktəblərdə və internatlarda çox asan və sürətlə yayılır.

Yoluxmuş şəxs öskürərkən və ya asqırarkən, qrip virusu olan xırda damcılar havaya yayılır və yaxınlıqda olan insanlara infeksiyanı ötürə bilər. Qrip əllər vasitəsilə də yayıla bilər – əgər əllər qrip virusu ilə çirklənmiş səthlərə toxunubsa, sonra da ağız, burun və ya gözlə təmas olarsa, virus orqanizmə keçə bilər. Öskürərkən və ya asqırarkən ağız və burunu salfetlə örtmək lazımdır. Əlləri müntəzəm və düzgün yumaq, infeksiyanın yayılmasının qarşısını almağa kömək edir.

Yoluxma anı ilə xəstəliyin ilk əlamətlərinin meydana çıxması arasındakı müddət, yəni inkubasiya dövrü adətən təxminən 2 gün çəkir, lakin bu müddət 1 – 4 gün arasında dəyişə bilər.

Profilaktika

Qripdən qorunmağın ən effektiv yolu peyvənd olunmaqdır.

Artıq 60 ildən çoxdur ki, təhlükəsiz və effektiv peyvəndlər mövcuddur və geniş istifadə olunur. Peyvənddən sonra müəyyən müddət keçdikcə immunitet zəifləyir, buna görə qripə qarşı hər il peyvənd olunmaq tövsiyə olunur.

Yaşlı insanlarda peyvəndin təsiri daha zəif ola bilər, lakin bu, xəstəliyin gedişatını yüngülləşdirir, ağırlaşmaların və ölüm hallarının qarşısını alır.

Peyvəndləmə, xüsusilə qrip zamanı ağırlaşma riski yüksək olan insanlar və onlara qulluq edən şəxslər üçün vacibdir.

Aşağıdakı əhali qruplarına hər il peyvənd olunmaq tövsiyə olunur:

  • Hamilə qadınlar
  • 6 ay – 5 yaş arası uşaqlar
  • 65 yaşdan yuxarı şəxslər
  • Xroniki sağlamlıq problemləri olan insanlar
  • Səhiyyə işçiləri

Qripdən qorunmanın digər yolları:

  • Əllərin müntəzəm və düzgün yuyulması, sonra yaxşı qurudulması
  • Öskürərkən və asqırarkən ağız və burunun salfetlə örtülməsi
  • Birdəfəlik salfetlərdən istifadə
  • Özünü pis hiss edən şəxsin evdə qalaraq özünü təcrid etməsi
  • Xəstə insanlarla yaxın təmasdan çəkinmək
  • Gözlərə, buruna və ağıza toxunmaqdan qaçınmaq
  • Qapalı məkanlarda otaqları tez-tez havalandırmaq

 

Peyvəndlər

Qrip virusu tez-tez mutasiyaya uğrayan RNT tərkibli virus olduğuna görə, ona qarşı birdəfəlik və daimi təsir göstərən vaksin mövcud deyil. Bu səbəbdən qripə qarşı peyvəndlərin tərkibi hər mövsüm yenilənir.

Mövsümi qrip peyvəndləri inaktivləşdirilmiş (cansız) viruslardan hazırlanır və həm uşaqların, həm də böyüklərin qripə yoluxma riskini azaltmağa kömək edir. Peyvənd olunmaq, xüsusilə risk qrupunda olan şəxslər üçün (yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və s.) vacibdir.

Qrip mövsümü başlamazdan əvvəl adətən payız aylarında — hər il peyvənd olunmaq tövsiyə edilir.

Qarayara

Qarayara-heyvan mənşəli kəskin infeksion xəstəlikdir. Bu xəstəlik titrəmə, limfatik sistemin zədələnməsi, intoksikasiya əlamətləri ilə özünü biruzə verir. Xəstəlik dəri, bəzi hallarda isə bağırsaq, ağciyər və septik formada müşahidə olunur.  Qarayara xəstəliyinin mənbəyi bu xəstəliyə yoluxmuş heyvanlardır (otyeyən heyvanlar, o cümlədən iri və xırdabuynuzlu mal-qara, at, dəvə, qoyun, keçi, donuz və s.). İnsanların yoluxması bir çox hallarda təmas yolu ilə (heyvanların kəsilməsi, dərilərin soyulması, və s.), eləcə də qarayara bakteriyalarının sporları ilə çirklənmiş qida məhsullarından, su, torpaq, xəz məmulatlarından və s. istifadə zamanı baş verir. Yoluxma həmçinin qansoran həşəratların dişləmə vasitəsilə (hünülərin) baş verə bilər. Qarayara Azərbaycanda endemik xəstəlik olaraq qalır və xəstəliyin  yalnız dəri forması qeydə alınır.

Qarayara xəstəliyinin profilaktikası əsasən heyvanlar arasında xəstəliyə qarşı vurulan peyvəndlərlə aparılır. Bundan başqa yoluxmuş laborator heyvanlar və ya törədicilərlə yoluxdurulmuş müayinə materialı ilə işləyən şəxslər, zoobaytarlıq işçiləri, heyvan mənşəli xammalın toplanması, saxlanması, daşınması və birincili emalı ilə məşğul olan şəxslər qarayaraya qarşı profilaktik peyvəndə cəlb olunurlar. Vaksinasiya diri qarayara vaksini ilə iki dəfə 21 gün intervalla aparılır. Revaksinasya hər il 1 il intervalla həyata keçirilir.

Bruselyoz

Bruselyoz zoonoz infeksion-allergik xəstəlikdir. Brucella cinsi bakteriyaları tərəfindən törədilir. İnsan bu xəstəliyə xəstə heyvanlara (qoyun, keçi, inək, donuz və s.) qulluq zamanı, yaxud brusellalarla yoluxmuş ərzaq məhsullarından (süd, pendir, ət və s.) istifadə etdikdə yoluxur. Törədici orqanizmə mədə bağırsaq traktından, selikli qişa və yaxud dəridə olan zədələrdən daxil olaraq, limfa yolları və qan damarları vasitəsilə yayılır ki, bu da törədicinin istənilən orqana daxil olması üçün şərait yaradır.  Xəstəlik infeksion patologiyanın ümumi əlamətləri, həmçinin yerli zədələnmə əlamətləri, əsas etibarilə daima inkişaf edən dayaq-hərəkət aparatının zədələnməsi ilə səciyyələnir. Vətərin əzələyə keçdiyi yerdə mərci boyda və ya daha iri qığırdaq konsistensiyalı fibrozitlər əmələ gəlir. Bu da oynaqlarda, sümüklərdə, əzələlərdə ağrıların yaranmasına səbəb olur. Xəstəlik sonrakı gedişatı zamanı davamlı və  dönməz xarakter alaraq xroniki formaya keçir, nəticədə əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi baş verir.

Profilaktikası: Bruselyoz insandan insana keçmədiyinə görə xəstələrə baxış zamanı xüsusi ehtiyat tədbirlərindən istifadə etmək vacib deyil. Standart nəzarət tədbirlərinin icrası məqsədəuyğun hesab edilir. Çiy südün içilməsi və ya pasterizə edilməmiş süddən hazırlanmış süd məhsullarının törədə biləcəyi təhlükələr haqqında əhali maarifləndirilməlidir.  Ev şəraitində hazırlanan pendir, xüsusilə də keçi pendiri istifadədədn öncə 2 ay ərzində duzlu suda saxlanılmalıdır.

Quduzluq

Quduzluq xəstəliyi virus etiologiyalı, heyvan mənşəli olub, yüksək letallıqla nəticələnən (100%) yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik, və s. xəstələnə bilər. Virus xəstə heyvanların dişləməsi, cırmaqlaması və ya xəstə heyvanın tüpürcəyi insanın dərisində sıyrılmış, zədələnmiş nahiyyəyə düşməsi ilə ötürülür . Quduzluq –mərkəzi sinir sisteminin kəskin virus infeksiyasıdır.

Xəstəliyin kliniki simptomları virusun tüpürcək vəzilərinə daxil olmasından sonra başlayır. Xəstəlik praktik olaraq hər zaman ölümcüldür və nadir hallarda 5 gündən artıq uzanır və beləliklə heyvan həyatının son 10 günü yoluxdurucu hesab edilir. Quduzluğa yoluxmuş heyvanlarda aqressivlik, səbəbsiz hücum hissləri inkişaf edir.  İnsan quduz heyvanlardan dişləmə zamanı yoluxur.  İnsanlarda infeksion prosesin xarakteri heyvanlardan bir o qədər fərqlənmir. Inkubasiya dövrü ştamın virulentliyindən, zədələnmənin lokalizasiyasından, yaşdan asılıdır. Geniş sanitariya-maarifi işlərinin aparılmasına baxmayaraq xəstəlik hadisələrinin baş vermə səbəbi dişləmədən və cırmaqlamadan dərhal sonra zərərçəkən şəxsin dərhal tibb müəssisəsinə müraciət etməməsidir.

               Profilaktikası:  Heyvanlar arasında quduzluq xəstəliyinin profilaktikası baytarlıq idarəsinin həkimləri tərəfindən sahibsiz itlərə peyvənd vurulması ilə aparılır. Bundan başqa ev  şəraitində heyvan saxlayan vətəndaşlar mütləq şəkildə öz heyvanlarını müntəzəm olaraq baytar müayinəsindən keçirtməli, peyvəndlərini vurdurmalıdırlar. Bu xəstəliyə yoluxmamaq üçün çöl heyvanları ilə təmasdan uzaq durulmalıdır. İnsan hər hansı bir heyvanın dişləməsinə, cırmaqlamasına və ya tüpürcəkləməsinə məruz qalarsa ilk olaraq ev şəraitində və ya müraciət etdiyi tibb müəssisəsində (cərrah və ya onun tibb bacısı tərəfindən) zədə nahiyyəsi sabunlu su ilə yuyulmalıdır. Quduzluq virusuna yoluxma şübhəsi olduğundan dərhal yaxınlıqda olan tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurdurmalıdır. Quduzluq virusu insanlar üçün həyati təhlükəsi olduğundan zədələnmənin lokalizasiyasından asılı olaraq antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur. Belə ki, yuxarı lokalizasiyalı zədələnmələrdə və quduzluq diaqnozu təstiqlənmiş heyvan dişləmələri hallarında antirabik immunoqlobulindən istifadə edilir.  Həmçinin Tetanus xəstəliyindən qorunmaq üçün tetanus əleyhinə anatoksin vurulur.