5 İyun – Ümumdünya Ətraf Mühit Günü
Hər il iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühit Günü ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə, biomüxtəlifliyin qorunması və iqlim dəyişmələri ilə mübarizə istiqamətində dünya ictimaiyyətinin diqqətini bir araya gətirən mühüm beynəlxalq gündür.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il tarixli qərarı ilə təsis edilmiş bu gün ətraf mühit problemlərinə diqqətin yönəldilməsi, onların həlli istiqamətində birgə səylərin artırılması və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Cari ildə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir.
İyunun 5-də Bakıda keçiriləcək tədbir “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” mövzusuna həsr olunub. Tədbir çərçivəsində ətraf mühitin qorunması, iqlim dəyişmələrinin təsirlərinin azaldılması, ekosistemlərin bərpası və dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə ediləcək. Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi, eləcə də həmin il keçirilmiş Dünya Şəhərsalma Forumu (WUF13) vəhdət təşkil edirlər.
Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz biomüxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, təbii ehtiyatların səmərəli idarə olunması və yaşıl enerji mənbələrinin inkişafı sahələrində ardıcıl tədbirlər həyata keçirir. Eyni zamanda, Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinə sadiq qalaraq qlobal ekoloji təşəbbüslərin fəal iştirakçısı kimi çıxış edir.
Ümumdünya Ətraf Mühit Günü hər bir insanı ətraf mühitin qorunmasına məsuliyyətlə yanaşmağa, təbiətə qayğı göstərməyə və gələcək nəsillər üçün sağlam, təhlükəsiz və dayanıqlı mühitin formalaşdırılmasına töhfə verməyə çağırır.
