RGEM nümayəndəsi BMT və ÜST-nin su və sanitariya üzrə beynəlxalq iclasına qatılıb

5–6 noyabr 2026-cı il tarixlərində İsveçrənin Cenevrə şəhərində  Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Su və Sağlamlıq Protokolu çərçivəsində fəaliyyət göstərən Hədəflərin Müəyyən edilməsi və Hesabatlılıq üzrə İşçi Qrupunun 15-ci iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Samirə Nəcəfova iştirak edib.

İclasın əsas müzakirə mövzusu su təchizatı və sanitariya sistemlərinin fövqəladə hallara və böhranlara qarşı dayanıqlılığının artırılması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və iqlim dəyişikliyi şəraitində operativ cavab mexanizmlərinin təkmilləşdirilməsi olub.

Tədbir çərçivəsində Protokola üzv ölkələrin milli hədəflərinin müəyyən edilməsi, hesabatlılıq proseslərinin rəqəmsallaşdırılması və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi ətrafında fikir mübadiləsi aparılıb. İclasda həmçinin Azərbaycanın Su və Sağlamlıq Protokolu üzrə götürdüyü öhdəliklər, 2018-ci ildə təsdiq edilmiş milli hədəflərin nəzərdən keçirilməsi və 2030-cu ilədək yenilənməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Qeyd edək ki, UNECE və ÜST-nin birgə katibliyi ilə həyata keçirilən bu platforma region ölkələrində içməli suyun keyfiyyətinin yaxşılaşdırılması və su ilə bağlı xəstəliklərin qarşısının alınması sahəsində dövlətlərarası əməkdaşlığın gücləndirilməsini dəstəkləyir.