Respublika GEM-də “8 Noyabr – Zəfər Günü” və “9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirilib

Noyabrın 6-da Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində  “8 Noyabr – Zəfər Günü” və 9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə tədbir təşkil olunub. Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə giriş sözü ilə çıxış edən Respublika GEM-in baş direktoru Sara Həsənova 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu möhtəşəm Qələbə xalqımızın milli birliyinin, Azərbaycan Ordusunun qəhrəmanlığının, dövlətimizin gücünün və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinin parlaq təcəssümüdür.      

Mərkəzin baş direktoru çıxışında Bərdə rayon Gigiyena və Epidemiologiya Mərkəzində dezinfektor vəzifəsində çalışmış şəhid Hüseynov Adil Namiq oğlunun döyüş yolundan danışıb,  Vətən müharibəsində iştirak etmiş qazilərə və onların valideynlərinə minnətdarlığını ifadə edib.

Tədbirdə Respublika GEM-nin əməkdaşları Z. Kazımov,Ü. Məmmədova, K. Misirzadə, K. Dəmirli və digərləri çıxış edərək bu əlamətdar günlərin qürurunu paylaşıblar.

Çıxış edənlər 30 il ərzində işğal altında qalmış torpaqlarımızın azad edilməsinin tarixi önəmindən danışıblar. Eyni zamanda, Vətən müharibəsində Azərbaycan əsgərlərinin nümayiş etdirdiyi misilsiz şücaəti fəxrlə yad edilərək, üçrəngli Dövlət Bayrağımızın yüksəldiyi hər bir məkanda müstəqil dövlətimizin dünyada tanınması milli iradəsinin ifadəsi və dövlət müstəqilliyimizin rəmzi olduğu bir daha diqqətə çatdırılıb.

Tədbirin sonunda Vətən naminə canını sipər edən, müharibə iştirakçısı olan Mərkəz əməkdaşlarına dərin minnətdarlıq əlaməti olaraq maddi dəstək göstərilib.