24 Oktyabr – Ümumdünya Poliomielitlə Mübarizə Günüdür
Hər il oktyabrın 24-də Ümumdünya Poliomielitlə Mübarizə Günü qeyd olunur. Bu günün əsas məqsədi poliomielit xəstəliyi barədə əhalinin məlumatlılığını artırmaq, peyvəndləmənin əhəmiyyətini vurğulamaq və xəstəliyin dünya miqyasında tamamilə aradan qaldırılması istiqamətində beynəlxalq səyləri gücləndirməkdir.
Poliomielit (uşaq iflici) əsasən 15 yaşadək uşaqlar arasında qeydə alınan, yüksək yoluxuculuğa malik virus xəstəliyidir. Virus sinir sistemini zədələyərək geri dönməyən iflicə, ağır hallarda isə ölümə səbəb ola bilər. Xəstəliyin spesifik müalicəsi mövcud olmadığından, poliomielitdən qorunmanın ən effektiv vasitəsi peyvəndlənmədir.
Poliomielitə qarşı mübarizədə Conas Solk və Albert Sabinin xidmətləri xüsusi əhəmiyyət daşıyır. Conas Solk tərəfindən hazırlanmış inaktivləşdirilmiş poliomielit peyvəndi 1955-ci ildə geniş istifadəyə təqdim edilib. Albert Sabin isə zəiflədilmiş canlı virus əsasında oral peyvənd hazırlayıb. Solkun peyvəndi inyeksiya yolu ilə, Sabinin peyvəndi isə ağız vasitəsilə damcı şəklində tətbiq olunur. Bu peyvəndlərin tətbiqi poliomielitə yoluxma hallarının azalmasında mühüm rol oynayıb.
1988-ci ildə Ümumdünya Səhiyyə Assambleyasının qərarı ilə Qlobal Poliomielitin Ləğvi Təşəbbüsünə başlanılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Rotary International, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) və digər beynəlxalq tərəfdaşların birgə fəaliyyəti nəticəsində dünyada vəhşi poliovirusun törətdiyi xəstəlik hallarının sayı 1988-ci illə müqayisədə 99%-dən çox azalıb.
Azərbaycanda da poliomielitlə mübarizə sahəsində mühüm nailiyyətlər əldə edilib. 2002-ci ildə ÜST-nin Avropa regionu poliomielitdən azad elan edilib və Azərbaycan bu regionun tərkibində poliomielitdən azad ərazi statusu alıb. Bu nailiyyətlərin qorunması üçün uşaqların peyvəndlə əhatə olunması, epidemioloji nəzarətin davam etdirilməsi və əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir. Poliomielitin profilaktikasının əsas məqsədi xəstəliyin yayılmasının qarşısını almaq və uşaqları virusdan qorumaqdır. ÜST-nin məlumatına əsasən, bunun üçün uşaqların milli peyvənd təqviminə uyğun olaraq vaxtında peyvənd olunması, şəxsi gigiyena qaydalarına riayət edilməsi, təhlükəsiz su və qida məhsullarından istifadə, sanitariya-gigiyena tədbirlərinin həyata keçirilməsi və epidemioloji nəzarətin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, əhali arasında peyvəndləmənin əhəmiyyəti barədə maarifləndirmə işlərinin aparılması xəstəliyin qarşısının alınmasına töhfə verir.
