Respublika Gigiyena və Epidemiologiya Mərkəzində cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib
21 oktyabr 2026-cı il tarixində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində cənab Prezident İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının banisi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidentı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında etdiyi tarixi çıxışdan videoçarx təqdim olunub.
Tədbiri giriş sözü ilə açan Respublika GEM-nin Baş direktoru Sara Həsənova Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinin əhəmiyyətindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edib.
Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Rəşadət Xalıqov çıxışında partiyanın fəaliyyət istiqamətləri, üzvlərin ictimai-siyasi proseslərdə iştirakı və gənclərin partiya sıralarına cəlb edilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb, partiyanın ideya və prinsiplərinə sadiqliyin, dövlətçilik ənənələrinin qorunmasının və cəmiyyətin inkişafına töhfə verməyin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə Respublika GEM-nin baş hüquqşünası Kamil Dəmirli və həkim-gigiyenist Ülviyyə Əhmədova YAP-ın VIII Qurultayının əhəmiyyətinə toxunaraq, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində siyasi sabitliyin, milli birliyin və ictimai fəallığın mühüm rolunu qeyd ediblər. Həmçinin səhiyyə sahəsində çalışan əməkdaşların üzərinə düşən məsuliyyətdən, əhalinin sağlamlığının qorunması və sağlam həyat tərzinin təşviqi istiqamətində görülən işlərin əhəmiyyəti barədə fikirlərini bildiriblər.
Çıxış edənlər vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı tarixi, proqram xarakterli nitqi qarşıda yeni hədəflər və strateji vəzifələr müəyyən edib. Çıxışda müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsi, mövcud imkanlardan maksimum səmərəli istifadə edilməsi, milli-mənəvi dəyərlərin qorunması, təbliğat və ideoloji işin düzgün təşkili dövlət siyasətinin əsas istiqamətləri kimi önə çəkilib. Ölkəmizin davamlı inkişafının təmin olunmasında yüksək məsuliyyətin, peşəkarlığın, milli birlik və həmrəyliyin, eləcə də savadlı və vətənpərvər nəslin yetişdirilməsinin mühüm əhəmiyyəti qeyd edilib.
Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu həyata keçirilib. Yeni üzvlərə partiyanın sıralarında uğurlu fəaliyyət, dövlətimizin inkişafına və cəmiyyətimizin rifahına töhfə vermək istiqamətində müvəffəqiyyətlər arzulanıb.
Tədbirin sonunda YAP-ın VIII Qurultayında müəyyən edilmiş hədəflərin və qarşıda duran vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının artırılmasının, birlik və həmrəyliyin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
