Bakıda “Leyşmaniozun müasir diaqnostikası, müalicəsi və profilaktikasına multidisiplinar yanaşmalar” mövzusunda I Milli Konfrans keçirilib
Ana səhifə › Xəbərlər › Bakıda “Leyşmaniozun müasir diaqnostikası, müalicəsi və profilaktikasına multidisiplinar yanaşmalar” mövzusunda I Milli Konfrans keçirilib
Bakıda “Leyşmaniozun müasir diaqnostikası, müalicəsi və profilaktikasına multidisiplinar yanaşmalar” mövzusunda I Milli Konfrans keçirilib
27/10/2026
23–24 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun təşkilatçılığı ilə “Leyşmaniozun müasir diaqnostikası, müalicəsi və profilaktikasına multidisiplinar yanaşmalar” mövzusunda I Milli Leyşmanioz Konfransı keçirilib.
Konfransın əsas məqsədi leyşmaniozun diaqnostikası, müalicəsi və profilaktikası sahəsində müasir elmi yanaşmaların müzakirəsi, elmi-praktik təcrübə mübadiləsinin təşviqi, eləcə də bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi olub.
Tədbirdə Səhiyyə Nazirliyinin V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun professor heyəti, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mikrobiologiya və Epidemiologiya kafedrasının müdiri, dosent Nigar Mütəlibova, həmçinin Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri Aydan Hüseynli iştirak ediblər.
Konfrans çərçivəsində leyşmaniozun müasir diaqnostika üsulları, müalicə yanaşmaları və profilaktik tədbirlərin təkmilləşdirilməsi, xəstəliyə epidemioloji nəzarətin gücləndirilməsi, eləcə də müxtəlif sahələrin mütəxəssisləri arasında koordinasiyanın əhəmiyyəti diqqət mərkəzində olub.
Belə elmi tədbirlər leyşmaniozla mübarizə sahəsində müasir biliklərin və təcrübələrin paylaşılmasına, diaqnostika və profilaktika imkanlarının inkişafına, həmçinin səhiyyə mütəxəssisləri arasında elmi-praktik əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir.