ÜST ekspertləri qrip üzrə epidemioloji müşahidə sisteminin qiymətləndirilməsi məqsədilə ölkəmizdə səfərdə olublar

Qrip virusunun diaqnostikası üzrə Milli İstinad Laboratoriyasının beynəlxalq akkreditasiyaya hazırlanması və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinin icrası çərçivəsində ÜST ekspertlərinin ölkəmizə səfəri təşkil olunub.

Səfər çərçivəsində qrip üzrə epidemioloji müşahidə məntəqələrinin fəaliyyət göstərdiyi Gəncə, Qazax, Mingəçevir və Lənkəran şəhər və rayonlarında yerləşən tibb müəssisələrinə baxış keçirilib, müvafiq qiymətləndirmə və təlim tədbirləri həyata keçirilib.

Görülən işlər çərçivəsində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri A. İsmayılovanın iştirakı ilə qeyd olunan ərazilərdə qrip üzrə epidemioloji müşahidənin təşkili və aparılmasının mövcud vəziyyəti yerində qiymətləndirilib.

Müzakirələr zamanı qripə qarşı profilaktik tədbirlərin mühüm istiqamətlərindən biri olan vaksinasiyanın təşkili məsələsinə də xüsusi diqqət yetirilib. İlk növbədə tibb işçilərinin, hamilə qadınların, eləcə də altı aydan yuxarı, xroniki tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilib.

Qeyd edək ki, həyata keçirilən tədbirlər qrip üzrə epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsinə, laborator diaqnostikanın keyfiyyətinin yüksəldilməsinə, profilaktik tədbirlərin gücləndirilməsinə və əhalinin sağlamlığının qorunmasına yönəlib.