Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi 1930-cu ildə Gəncə şəhərində Sanitariya-Epidemioloji Stansiyası kimi fəaliyyətə başlayıb. Hazırda Mərkəz Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin tabeliyində fəaliyyətini davam etdirir.

Mərkəzin əsas fəaliyyət istiqamətləri əhalinin sağlamlığının ətraf mühit amillərinin mənfi təsirlərindən qorunması, sanitariya-epidemioloji salamatlığın təmin edilməsi, yoluxucu xəstəliklərin profilaktikası və əksepidemik tədbirlərin həyata keçirilməsinə yönəldilib.

Eyni zamanda, Mərkəz xidmət göstərdiyi ərazilərdə yoluxucu xəstəliklərin profilaktikasını, əksepidemik tədbirlərin təşkilini və həyata keçirilməsini təmin etməklə yanaşı, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər üzrə də fəaliyyət göstərir.

Mərkəzdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə Milli Peyvənd Təqviminə uyğun olaraq immunoprofilaktika tədbirlərinin həyata keçirilməsinə nəzarət edilir.

331 000 nəfər əhalisi olan Gəncə şəhərində 106 uşaq və yeniyetmə müəssisəsi, habelə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən 20 müalicə-profilaktika müəssisəsi mövcuddur.Tərəfimizdən həmin obyektlərdə planlı şəkildə sanitariya müayinələri aparılır, aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə müvafiq təkliflər verilir və onların icrasına nəzarət olunur. Şəhərin sanitar vəziyyətinə, həmçinin içməli su mənbələri və ehtiyat rezervuarlarının sanitar-texniki vəziyyətinə nəzarət məqsədilə müntəzəm reydlər keçirilir. Suyun keyfiyyətini yoxlamaq üçün nümunələr götürülərək kimyəvi və bakterioloji müayinədən keçirilir, həmçinin daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlər görülür.

Mərkəzin strukturunda fəaliyyət göstərən Sanitariya-gigiyena, Virusologiya, Bakteriologiya və Parazitologiya laboratoriyaları müasir tələblərə cavab verən, tam funksional avadanlıq və texniki vasitələrlə təmin olunub. Laboratoriyalarda su, torpaq və yuyuntu nümunələrinin, eləcə də müxtəlif bioloji materialların sanitariya-bakterioloji, sanitariya-kimyəvi, parazitoloji və digər laborator müayinələri aparılır.

Hal-hazırda laboratoriyalarda su nümunələrinin və fiziki faktorların müayinəsi, müxtəlif bioloji materialların bakterioloji və parazitoloji müayinələri, habelə qan nümunələrinin malyariyaya görə müayinəsi həyata keçirilir.

Əhalinin sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği məqsədilə sanitar maarifləndirmə tədbirləri mütəmadi olaraq həyata keçirilir.

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi əhalinin sağlamlığının qorunması, sanitariya-epidemioloji salamatlığın təmin edilməsi və yoluxucu xəstəliklərin profilaktikası istiqamətində kompleks tədbirlər həyata keçirir.