05.07.2022-ci il tarixdə Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyəsinin dəyişməsi, proqnozları və uyğunlaşma tədbirləri” mövzusunda Beynəlxalq Konfrans keçirilib.
Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərin iştirakı ilə keçirilən konfransda iqlim dəyişikliyi şəraitində milli və regional uyğunlaşma tədbirlərinin müəyyən edilməsi ilə əlaqədar olaraq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Konfrans zamanı alim, ekspert və mütəxəssislər arasında Xəzər dənizinin səviyyəsinin dəyişməsi, biomüxtəliflik, iqlim dəyişikliyi, iqlim dəyişikliyinə uyğunlaşma sektorları: enerji, kənd təsərrüfatı, iqtisadiyyat, turizm, meliorasiya və sağlamlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də Konfransda iştirak ediblər.
Uyğunlaşma nəinki iqlim dəyişikliyinin yaratdığı xəstəlik yükünü aradan qaldırır, həmçinin də ictimai səhiyyə və səhiyyə xidmətlərini gücləndirilməsində mühüm rol oynayır.
İqlimə davamlı birliklərin yaradılması təhsil, vaksinasiya, infeksiya daşıyıcıları ilə mübarizə, su təchizatı və sanitariya xidmətləri, gigiyena və yeyinti məhsullarına nəzarət, ilkin tibbi sanitar və psixoloji köməklik, xəstəliklərə epidemioloji nəzarət və fövqəladə vəziyyətə hazırlıq kimi ictimai səhiyyə və tibbi sanitar xidmətinin köməkliyi vasitəsilə iqlim dəyişikliyinin təsirlərinin idarə edilməsini əhatə edir.
Çoxsahəli əməkdaşlıq müvəffəqiyyətin açarıdır, digər sektorlar tərəfindən səhiyyə məsələlərinin ümumiləşdirilməsinə və ətraf mühit amillərinin sağlamlığa təsirinin qarşısının alınmasına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsində qarşılıqlı əlaqələrin koordinasiyasına köməklik göstərir.