Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloji məsələlər üzrə baş direktor müavini Afaq Əliyevanın qızılca xəstəliyi barədə əhalini maarifləndirmə məqsədilə çıxışı
Qızılca yüksək yoluxuculuğa malik olan, hava-damcı yolu ilə yayılan, ağır fəsadlarla, xususən ağciyərin iltihabı və bəzi hallarda meninqoensefalit nəticəsində ölümlə nəticələnən kəskin yoluxucu xəstəlikdir. Bu xəstəliyin törədicisi Morbillivirus növündən olan viruslardır. Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca kontagioz infeksiya olmasına baxmayaraq (yoluxdurma indeksi 95-96%), törədicisi xarici mühitdə davamsızdır. Günəş şualarının təsiri və ultrabənövşəyi şüalara qarşı daha həssasdır.
İnfeksiya xəstə insandan hava-damcı yolu ilə (danışıq zamanı, asqırarkən, öskürərkən) digər insanlara keçir.
Qızılca ilə bütün yaşlarda xəstələnmə mümkündür, 1 yaşdan 4-5 yaşa qədər olan uşaqlar həssas qrupa daxil olaraq daha çox xəstələnirlər. Qızılca keçirməmiş və ona qarşı peyvənd olunmamış böyük yaşlı insanlar da bu xəstəliyə həssasdırlar və hər yaş dövründə virusa yoluxa bilərlər.
İnkubasiya (gizli) dövrü əsasən 6-17 gündür, lakin çox hallarda 8-11 gün davam edir. Xəstəliyin gedişi 3 mərhələyə bölünür: kataral, səpgi, piqmentasiya. Xəstəlik tədricən hərarətin 38-39oC yüksəlməsi ilə başlayır, ümumi əzginlik, halsızlıq, iştahasızlıq yaranır. Kataral dövrdə ümumi intoksikasiya əlamətləri meydana çıxır: rinit, öskürək, gözlərin qızarması və yaşarması, işıqdan qorxma, ağız boşluğunda ağ rəngli ləkələr əmələ gəlir. Bu dövr 3-4 gün davam edir. Xəstə kataral dövrdə və səpginin ilk günlərində daha yoluxdurucu olur.
Səpgi dövrü 4-5 gün davam edir. Qızılca səpgiləri, qeyri düz formada olan dəri səthindən qalxan xırda çəhrayı düyünlər (papullar), əvvəl burun ətrafında, qulaq ardında, göz qapaqlarında əmələ gələrək sonra bütün sifətə, boyuna və döşün yuxarı hissələrinə, 2- ci gün gövdəyə və qollara yayılır, 3 -cü gün isə bütün bədən səthində olur. Səpginin mərhələli yayılması qızılca üçün differensial diaqnostik əhəmiyyətə malikdir. Hərarətin düşməsi ilə səpgilər mərhələ şəkildə, göstərilən ardıcılıqla sönməyə başlayır və səpgilərin yerində bənövşəyi ləkələr qalır.
Qızılca zamanı müxtəlif fəsadlar da (pnevmoniya, otit və s.) baş verə bilər. Qızılca gözlərdə də iz qoya bilir, belə ki, gözlərdə daim quruluq hissi olur, hətta korluğa gətirib çıxartması da mümkündür. Qızılca karlığa da səbəb ola bilər. Xəstəlik zamanı orqanizmin müdafiə qabiliyyəti zəiflədiyindən digər ikincili infeksiyalardan ağırlaşmalar ola bilər.
Böyüklərdə uşaqlara nisbətən xəstəlik daha ağır keçir, hərarət daha yüksək olur, səpgilər daha intensiv şəkildə təzahür edilir. Xəstəlikdən sonra qalan faringit, traxeobronxit, stomatit və s. kimi ağırlaşmalar böyüklərdə daha çox təsadüf olunur.
Qızılca xəstəliyinin müalicəsi əsasən ev şəraitində aparılır. Xəstəni sağlam şəxslərdən təcrid etmək lazımdır. Xəstəxanaya yalnız kiçik yaşlı uşaqları və xəstəliyi ağır keçirən xəstələri yerləşdirirlər (fəsadların qarşısını almaq məqsədilə). Uşağın olduğu otaq mütəmadi olaraq nəm üsulla silinməli, havası tez-tez dəyişdirilməlidir. Otağa işıq düşməsini maksimal şəkildə məhdudlaşdırmaq lazımdır, xəstəni soyuqdan qorumaq vacibdır. Xəstəlik dövründə iştahasızlıq, ürəkbulanma, qusma, boğaz ağrıları qeydə alınır. Belə xəstələrə bol maye, sulu, yüngül yeməklərin verilməsi məsləhətdir.
Qızılcaya şübhə olduğu halda ləngimədən həkimə müraciət etmək lazımdır! Dərhal
diaqnoz qoyulub müalicəyə başlanılması xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlərin görülməsi baxımından vacibdir. Belə ki, təcili olaraq tibbi yardım üçün ərazi poliklinikasına müraciət etmək, yataq rejimini pozmayaraq həkimi evdə gözləmək, həkim gələnə qədər digər insanlarla təması maksimal dərəcədə məhdudlaşdırmaq lazımdır.
Xəstəlikdən sonra orqanizmdə ömürlük immunitet formalaşır.
Qızılca əleyhinə peyvənd bu xəstəliyin profilaktikasının ən uğurlu üsuludur. Qızılca çox yüksək yoluxuculuğa malik olduğundan, xəstə ilə təmasda olan peyvənd almamış uşaqların demək olar ki, hamısı mütləq yoluxur. Uşaqları qızılcadan zəmanətli qoruması üçün onlara 2 doz qızılca-parotit-məxmərək əleyhinə peyvənd vurulmalıdır. Milli peyvənd təqviminə uyğun bu peyvəndin 1-ci dozası uşaqlara 12 aylığında, 2-ci dozası isə 6 yaşında vurulur. Nəticədə orqanizmdə qoruyucu immunitet yaranır.
Əgər uşaq peyvənd olunmayıbsa, tibb müəssisəsinə müraciət edərək uşağınızı peyvənd etdirin. Çünki qızılca xəstəliyi yalnız peyvənd almayan insanlarda baş verir.
Qeyd etmək lazımdır ki, epidemioloji vəziyyətin kəskinləşdiyi dövrdə qızılcaya qarşı vaksinasiya tədbirləri xəstəliyinin yayılmasının qarşısını alır.