Lerik və Salyan rayonlarında kəskin süst ifliclərin aşkar olunmasına dair təlim və monitorinq keçirilib
Səhiyyə Nazirliyinin “Kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin davam etdirilməsi barədə” 02 aprel 2026-cı il tarixli 174 nömrəli əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq, ölkə ərazisində poliomielitin profilaktikası, kəskin süst iflic (KSİ) hallarının vaxtında aşkar edilməsi və epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə təlim və monitorinq tədbirlərinin keçirilməsi davam etdirilir.
Bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatının texniki dəstəyi ilə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqları Lerik və Salyan rayonlarına ezam olunublar.
Keçirilmiş təlim və monitorinqlər çərçivəsində Lerik və Salyan rayonlarında fəaliyyət göstərən müvafiq tibb müəssisələrində, həmçinin rayon Gigiyena və Epidemiologiya Mərkəzlərində epidemioloji nəzarətin təşkili vəziyyəti qiymətləndirilib.
Monitorinqlər zamanı tibb işçilərinə kəskin süst iflic hallarının aktiv və vaxtında aşkar edilməsi, müəyyən edilmiş halların epidemioloji araşdırılması, müvafiq məlumatların toplanılması və təhlili, eləcə də uşaqların poliomielitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksək göstəricilərdə saxlanılmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Təlimlərin əsas məqsədi kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin daha da gücləndirilməsi, mövcud nəzarət sisteminin səmərəliliyinin artırılması, həmçinin səhiyyə işçilərinin bu istiqamətdə bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsidir.
Tədbirlər çərçivəsində Azərbaycanın poliomielitdən azad ərazi statusunun qorunub saxlanılması, poliomielitin profilaktikası və kəskin süst iflic hallarının vaxtında aşkar edilərək müvafiq qaydada araşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub, bu sahədə görüləcək tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu cür təlim və monitorinq tədbirlərinin mütəmadi keçirilməsi kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin gücləndirilməsi, poliomielitin yayılmasının qarşısının alınması və Azərbaycanın poliomielitdən azad ərazi statusunun qorunub saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
