20 Yanvar – Azadlıq Mübarizəsinin Zəfər Tarixi

20 Yanvar – Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixində milli iradənin, mənəvi gücün və dövlətçilik düşüncəsinin təntənəsidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İmperiyasının silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı qırğın totalitar rejimin cinayətkar mahiyyətini bir daha açıq şəkildə nümayiş etdirdi. Dinc əhaliyə qarşı ağır hərbi texnika və silahlardan istifadə olunması nəticəsində yüzlərlə günahsız insan həlak olub, yaralanıb və itkin düşüb. Bu faciəli hadisə Azərbaycan tarixində dərin iz buraxıb.

Lakin 20 Yanvar hadisələri yalnız faciə kimi deyil, eyni zamanda xalqımızın azadlıq iradəsinin sarsılmazlığını təsdiqləyən tarixi dönüş nöqtəsi kimi dəyərləndirilir. Şəhid olmuş soydaşlarımızın göstərdiyi misilsiz fədakarlıq milli oyanış prosesini sürətləndirib, müstəqil dövlət ideyasını dönməz edib.

Bu gün Azərbaycan Respublikası güclü, suveren və qalib dövlətdir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması 20 Yanvar şəhidlərinin ali amalının gerçəkləşdiyini bir daha təsdiqləyir. Qanla yazılan tarix bu gün qüdrətli dövlətçilik və davamlı inkişaf yolu ilə öz məntiqi nəticəsinə çatıb.

20 Yanvar günü Şəhidlər Xiyabanı təkcə hüzn məkanı deyil, eyni zamanda milli qürur, vətəndaş həmrəyliyi və dövlətə sədaqətin rəmzinə çevrilir. Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, onların qəhrəmanlığı gənc nəsillərə vətənpərvərlik və milli məsuliyyət nümunəsi kimi aşılanır.

20 Yanvar – milli hüzn günü olmaqla yanaşı, Azərbaycan xalqının azadlıq iradəsinin, müstəqil dövlətçilik əzminin əbədi rəmzidir.

Şəhidlərimizin ruhu şad olsun.

Please select an image first to render the grid properly