İstanbulda poliomielit üzrə epidemioloji nəzarətə həsr olunmuş regional toplantı təşkil edilib
Ana səhifə › Xəbərlər › İstanbulda poliomielit üzrə epidemioloji nəzarətə həsr olunmuş regional toplantı təşkil edilib
İstanbulda poliomielit üzrə epidemioloji nəzarətə həsr olunmuş regional toplantı təşkil edilib
22/06/2026 3 Views
16–18 iyun 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi (ÜST/Avropa) tərəfindən “Poliomielit üzərində epidemioloji nəzarət” mövzusunda Regional Görüş keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemilogiya şöbəsinin müdiri A. İsmayılova iştirak edib.
Üç gün davam edən görüşdə 2025–2026-cı illər üzrə Qlobal Poliomielit Müşahidə Fəaliyyət Planının (GPSAP) icrasının cari vəziyyəti, poliomielitə dair epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi və yüksək risk qrupuna daxil olan ölkələrdə müşahidə göstəricilərinin yaxşılaşdırılması istiqamətində görülən işlər müzakirə edilib.
Görüşdə nümayəndə heyətinin rəhbəri Azərbaycanda poliomielit üzrə epidemioloji nəzarət sahəsində həyata keçirilən tədbirlərə dair təqdimatla çıxış edib. Təqdimatda poliomielitə qarşı mübarizə istiqamətində görülən tədbirlər, əldə olunan nailiyyətlər və gələcək fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib.