Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il 27 sentyabr tarixində başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlanıb.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən hər il 27 sentyabr – “Anım Günü” kimi qeyd edilməsi qərara alınıb. Bu qərar, qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
01.04.2019-cu il tarixdən Bərdə rayon GEM-də dezinfektor vəzifəsində işə başlayıb, işlədiyi az müddətdə nümunəvi işçi olaraq hər zaman öndə gedən Hüseynov Adil Namiq oğlu 21 sentyabr 2020-ci il tarixdə hərbi xidmətə çağırılıb. 27.09.2020-ci il tarixdə cəbhə bölgəsinə döyüşə gedib. Tərtər, Ağdam, Ağdərə, Suqovuşan (Madagiz) bölgələrində döyüşlərdə fəal iştirak edib, qəhrəmancasına döyüşüb. 17.10.2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Adil Hüseynov 21.10.2020-ci il tarixində doğulub boya-başa çatdığı Bərdə rayonunun Körpüsındıran kənd qəbiristanlığında dəfn olunub.
“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də çalışan Əhmədov Eldar Tofiq oğlu, Hüseynov Bayram Ağa oğlu, Hacıyev Aydın Hacı oğlu, Məmmədzadə Cavad Cavid oğlu I-II Qarabağ müharibəsində iştirak edib və qəhrəmanlıq göstəriblər.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.