28 İyul – Ümumdünya Hepatitlə Mübarizə Günü

28 iyul- Ümumdünya Hepatitlə Mübarizə Günüdür. Bu günün məqsədi hepatit xəstəlikləri barədə ictimai məlumatlılığı artırmaq, yoluxma yolları, profilaktika tədbirləri və erkən diaqnostikanın əhəmiyyəti haqqında cəmiyyəti maarifləndirməkdir.

Hepatit qaraciyərin iltihabı ilə xarakterizə olunan və müxtəlif viruslar tərəfindən törədilən ciddi infeksion xəstəlikdir. Hepatit virusunun əsas 5 növü mövcuddur: A, B, C, D və E.

Hepatit A və E əsasən çirklənmiş qida və su vasitəsilə, yəni fekal-oral yol ilə yoluxur.

Hepatit B, C və D isə yoluxmuş qan və qan məhsulları, qorunmamış cinsi əlaqə, eləcə də anadan uşağa (hamiləlik, doğuş və ya bəzi hallarda ana südü ilə qidalanma zamanı) ötürülə bilər.

Xüsusilə Hepatit B və Hepatit C vaxtında aşkarlanmadıqda xroniki formaya keçə, nəticədə qaraciyər sirrozu, qaraciyər çatışmazlığı və qaraciyər xərçəngi kimi ağır fəsadlara səbəb ola bilər.

Ölkəmizdə mübarizə məqsədilə mühüm profilaktik tədbirlər həyata keçirilir. Yeni doğulmuş körpələrin Hepatit B infeksiyasına qarşı peyvənd olunması, risk qruplarının müayinəsi, təhlükəsiz tibbi müdaxilələrin təmin edilməsi və əhalinin maarifləndirilməsi bu tədbirlərin əsas istiqamətlərini təşkil edir.

28 İyul – Ümumdünya Hepatitlə Mübarizə Günü hər birimizi öz sağlamlığımıza və ətrafımızdakı insanların sağlamlığına daha məsuliyyətlə yanaşmağa çağırır.

Sağlamlığınızı qoruyun, profilaktik müayinələrdən vaxtında keçin və hepatitə qarşı məlumatlı olun!

Please select an image first to render the grid properly