28 May – Müstəqillik tariximizin qürur səhifəsi
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. Bu əlamətdar gün Azərbaycan xalqının dövlətçilik tarixində ən parlaq və qürurverici səhifələrdən biri kimi hər il böyük ehtiramla qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq iradəsinin, milli dövlətçilik ənənələrinin və istiqlal ruhunun parlaq təntənəsi oldu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu, milli kimliyin formalaşması və xalqın müstəqillik ruhunun güclənməsi istiqamətində əvəzsiz rol oynadı.
Mayın 28-də isə Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Həmin sənəddə xalq hakimiyyəti, vətəndaş hüquqları, bərabərlik və demokratik idarəçilik prinsipləri öz əksini tapmışdı. Bu, xalqımızın milli iradəsinin və azadlıq əzminin parlaq təzahürü idi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın əsrlər boyu qoruyub saxladığı dövlətçilik ənənələrinin davamı idi. Çətin ictimai-siyasi şəraitə baxmayaraq, görkəmli dövlət xadimləri və ziyalılar xalqın milli maraqlarını üstün tutaraq müstəqil dövlət quruculuğu yolunda mühüm addımlar atdılar. Cümhuriyyət qurucuları milli birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin təməlini formalaşdırdılar. “Bir kərə yüksələn bayraq bir daha enməz” ideyası xalqımızın azadlıq və istiqlal mübarizəsinin əsas simvoluna çevrildi.
Bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi onun zəngin irsini yaşadır və inkişaf etdirir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da güclənərək beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları – müstəqillik, azadlıq və milli birlik prinsipləri bu gün də xalqımızın dövlətçilik yolunda əsas dəyərlərindən biri olaraq qalır.
28 May – Müstəqillik Günü xalqımız tərəfindən böyük ehtiram və qürur hissi ilə qeyd edilir, milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirilir.
Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır !
Yaşasın müstəqil Azərbaycan !
