Səhiyyə Nazirliyi Respublika GEM-də Türkiyənin “EREM Laboratuvar Sağlık Medikal Gida Otomotiv Turizm Tic. Ltd. Şti.” şirkətinin nümayəndələri ilə görüş keçirilib

20 may 2026-cı il tarixində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Türkiyənin “EREM Laboratuvar Sağlık Medikal Gida Otomotiv Turizm Tic. Ltd. Şti.” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı şirkətin molekulyar mikrobiologiya sahəsində əldə etdiyi nailiyyətlər, eləcə də istehsal etdikləri reaktiv dəstlər barədə ətraflı təqdimat olunub. Nümayəndələr tərəfindən müasir laborator diaqnostika istiqamətində tətbiq edilən yeniliklər və əhali arasında aparılan skrininq testləri (müəyyən xəstəliklərin və ya risklərin erkən aşkarlanması üçün tətbiq edilən tibbi testlərdir) haqqında geniş məlumat verilib. Eyni zamanda, qonaqlara Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyət istiqamətləri, laborator xidmətləri, həyata keçirilən epidemioloji nəzarət tədbirləri və elmi-praktiki fəaliyyəti barədə məlumat təqdim edilib. Görüş çərçivəsində tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Daha sonra nümayəndələr Respublika GEM-nin Virusoloji laboratoriyası ilə tanış olmuş, laboratoriyada aparılan müayinələr, tətbiq olunan müasir metodlar, həmçinin gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan yeni analiz və tədqiqat istiqamətləri barədə fikir mübadiləsi aparılıb.