7 Aprel – Ümumdünya Sağlamlıq Günü: Sağlamlığa doğru – elm ilə birlikdə

7 aprel 2026-cı il tarixində qeyd olunan Ümumdünya Sağlamlıq Günü dünyanın hər yerində insanları elmə dəstək olmağa çağırır.

Bu il Ümumdünya Sağlamlıq Günü “Sağlamlığa doğru– elm ilə birlikdə” şüarı altında keçirilir və insan, heyvan, bitki və planet sağlamlığının qorunması naminə elmi əməkdaşlığa həsr olunmuş  kampaniyanın başlanğıcıdır.

Kampaniya həm elmi nailiyyətləri, həm də sübutların real tədbirlərə çevrilməsi üçün zəruri olan çoxtərəfli əməkdaşlığı ön plana çıxarır. Bu çərçivədə “One Health” (Vahid Sağlamlıq) yanaşmasına xüsusi diqqət yetirilir.

2026-cı il kampaniyasının əsasını iki mühüm qlobal tədbir təşkil edir: 7 aprel tarixində Ümumdünya Səhiyyə Təşkilatı və Fransa hökumətinin birgə təşkil etdiyi Beynəlxalq “One Health” ( Vahid Sağlamlıq) Sammiti və 7–9 aprel tarixlərində keçirilən ÜST-nin Əməkdaşlıq Mərkəzlərinin ilk Qlobal Forumu, hər iki tədbir birlikdə elm və elmi tərəfdaşlıqların daha sağlam və təhlükəsiz gələcək qurmaq potensialını nümayiş etdirir.

Kampaniyanın məqsədi:

sağlamlığın qorunması üçün elmi sübutlara və faktlara əsaslanan yanaşmaları dəstəkləmək;

elm və ictimai səhiyyəyə olan inamı gücləndirmək;

daha sağlam gələcək naminə elmi cəhətdən sübut olunmuş həllərin tətbiqinə dəstək verməkdir.

“Vahid Sağlamlıq” konsepsiyası ekosistemin bütün hissələrinin vəhdətinə əsaslanan, insanların, heyvanların və ətraf mühitin problemlərini ayrı-ayrılıqda deyil, birgə nəzərdən keçirərək, bu kompleksin sağlamlığını tarazlaşdırmaq və optimallaşdırmaq məqsədilə qaldırılan, inteqrasiya olunmuş vahid yanaşmadır. Bu konsepsiya cəmiyyətin müxtəlif sahələrində bir çox sektorları birgə işləməyə səfərbər edir. Konsepsiyanın istər milli, istərsə də beynəlxalq səviyyədə icrasını məhsuldar həyata keçirmək, qarşıya qoyulan məsələlərə çatmaq, problemlərin həlli, o cümlədən insan, heyvan və ətraf mühitdə qarşıya çıxa biləcək təhdidlərin öncədən görülməsi və qarşısının alınması üçün səhiyyə, ətraf mühit sağlamlığı, kənd təsərrüfatı və qida təhlükəsizliyi kimi müxtəlif sektorların qarşılıqlı fəaliyyət göstərməsi vacib şərtlərdəndir. Buna görə də ölkəmizdə ictimai sağlamlığın qorunması bu sahədə rolu olan hər bir təşkilatın vəzifəsi hesab edilir. Planetin canlı aləminin qorunması üçün tətbiq olunan “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə mühüm addımlar atılır.

“Vahid Sağlamlıq” konsepsiya çərçivəsində ictimai sağlamlıq üçün təhlükə yaradan, təbiətə və ətraf mühitə ziyan vuran, habelə ciddi iqtisadi itkilərə səbəb olan problemlərə qarşı ən effektiv izləmə və mübarizə üsullarını icra etmək üçün bu yanaşmanın milli səviyyədə icrasına təkan vermək, digər əlaqəli qurumlarla birgə əməkdaşlığı daha da genişləndirməkdir. Zoonoz xəstəliklərlə bağlı problemlərin həlli üçün “Azərbaycan Respublikasında “Vahid Sağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya” layihəsi hazırlanmışdır.

Please select an image first to render the grid properly