Səhiyyə Nazirliyində Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri ilə görüş keçirilib
Ana səhifə › Xəbərlər › Səhiyyə Nazirliyində Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri ilə görüş keçirilib
Noy 18, 2022 420 Views
Səhiyyə Nazirliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Роспотребнадзор”) rəhbəri Anna Popovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Giriş sözü ilə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində səmərəli əməkdaşlığın olduğunu vurğulayıb. Bildirilib ki, 100 illiyini qeyd edən, təcrübəsi və peşəkar ənənələri ilə tanınan Rusiya epidemioloji məktəbi dünyada öncül yerlərdən birini tutur.
COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan Teymur Musayev rusiyalı mütəxəssislərin dəyərli tövsiyələrini respublikamızdakı epidemioloji vəziyyətin sabitləşməsinə öz tövhəsini verdiyini vurğulayıb.
Sonda Azərbaycan səhiyyə naziri ikitərəfli münasibətlərin bundan sonra da dinamik inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Anna Popova Rusiyanın bir neçə nazirlik və idarəsinin funksiyalarını birləşdirən dövlət xidmətinin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında maraqlı olduğunu bildirib.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti arasında bu gün imzalanan “Taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji salamatlığın təmin olunması haqqında” və “Beynəlxalq tibbi-sanitariya qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq haqqında” sazişlərin ölkələrimiz arasında sektorlararası əməkdaşlığın inkişafında mühüm rol oynayacağı vurğulandı.