Qrip və respirator sinsitial virus infeksiyasının profilaktikası məsələlərinə həsr olunmuş Regional PIVI görüşündə iştirak haqqında hesabat
Gürcüstanın Tbilisi şəhərində Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün “Peyvəndlər üzrə Beynəlxalq Təşəbbüslər Tərəfdaşlığı” (Partnership for International Vaccine Initiatives – PIVI) tərəfindən qrip və respirator sinsitial virus (RSV) infeksiyasının profilaktikası, epidemioloji nəzarətin təkmilləşdirilməsi, xəstəlik yükünün qiymətləndirilməsi, vaksinlərin tətbiqinin iqtisadi aspektləri, eləcə də yeni vaksinlərin milli immunizasiya proqramlarına daxil edilməsinə dair qərarların qəbul edilməsi məsələlərinə həsr olunmuş regional görüş keçirilib.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC), Peyvəndlər üzrə Beynəlxalq Təşəbbüslər Tərəfdaşlığının (PIVI), eləcə də region ölkələrinin səhiyyə nazirliklərinin və milli ictimai səhiyyə qurumlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyini tədbirdə İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin məsləhətçisi Oleq Səlimov və nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin həkim-epidemioloqu Əlcəfər Cəfərov təmsil ediblər.
Azərbaycan nümayəndələri plenar iclaslarda, tematik sessiyalarda və ekspert müzakirələrində fəal iştirak ediblər. Tədbir çərçivəsində RSV-yə qarşı vaksinlərin tətbiqi, respirator virus infeksiyaları üzrə inteqrə olunmuş epidemioloji nəzarətin təşkili, RSV infeksiyasının laborator diaqnostikası, immunizasiya üçün prioritet hədəf qruplarının müəyyən edilməsi, eləcə də yeni profilaktik texnologiyaların tətbiqinin təşkilati, logistik və iqtisadi aspektləri ilə bağlı suallar və şərhlər səsləndirilib. Xüsusi diqqət Milli İmmunizasiya üzrə Texniki Məsləhətçi Qrupların (NITAG) qərar qəbul etməsi üçün tələb olunan elmi sübut bazasının formalaşdırılması üzrə beynəlxalq təcrübəyə, eləcə də ÜST və CDC-nin RSV infeksiyasının profilaktikasına dair müasir tövsiyələrinə yönəldilib.
Görüş zamanı qrip və RSV infeksiyalarının xəstəlik yükünün qiymətləndirilməsi, respirator infeksiyalar üzrə epidemioloji nəzarət sistemlərinin inteqrasiyası, epidemioloji nəzarət məlumatlarından idarəetmə qərarlarının qəbulunda istifadə edilməsi, immunizasiya proqramlarının effektivliyi və iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, həmçinin respirator virus infeksiyalarının profilaktikası sahəsində regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Tədbirdə iştirak qrip və RSV infeksiyalarının profilaktikası sahəsində müasir beynəlxalq yanaşmalarla tanış olmağa, aparıcı beynəlxalq ekspertlərlə peşəkar əlaqələr qurmağa, eləcə də əldə edilmiş praktiki biliklərin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən epidemioloji nəzarət sisteminin gələcək inkişafının planlaşdırılması və Milli Profilaktik Peyvənd Təqviminə yeni immunobioloji preparatların daxil edilməsinin məqsədəuyğunluğunun qiymətləndirilməsi prosesində istifadə olunmasına imkan yaratmışdır.
