18–24 noyabr – ümumdünya antimikrob preparatlara davamlılıqla mübarizə üzrə maarifləndirmə həftəsidir
18–24 noyabr həftəsi ümumdünya antimikrob preparatlara davamlılıqla mübarizə həftəsi kimi qeyd olunur. Beynəlxalq maarifləndirmə kampaniyasının məqsədi antimikrob preparatlara davamlılıq problemi barədə ictimaiyyətin məlumatlılığını artırmaq, bu sahədə bilikləri genişləndirmək və problemin qarşısının alınmasına yönəlmiş qlobal səyləri gücləndirməkdir.
Antimikrob preparatlara davamlılıq bakteriya, virus, göbələk və parazitlərin onları məhv etmək və ya çoxalmasını dayandırmaq üçün istifadə olunan dərman preparatlarının təsirinə qarşı davamlılıq qazanmasıdır. Nəticədə dərmanların effektivliyi azalır, infeksiyaların müalicəsi çətinləşir və xəstələrin sağlamlığı üçün əlavə risklər yaranır.
2026-cı il kampaniyası “Vahid sağlamlıq naminə birgə mübarizə: Antimikrob preparatlara davamlılığın qarşısını alaq!” şüarı altında keçirilir.
İnsan, heyvan, bitki və ətraf mühit sağlamlığının qarşılıqlı əlaqəsini nəzərə alan “Vahid sağlamlıq” (One Health) yanaşması bu problemin həllində mühüm əhəmiyyət daşıyır. Antimikrob preparatlara davamlılıq yalnız səhiyyə sahəsinə deyil, həmçinin ərzaq təhlükəsizliyinə, iqtisadiyyata və davamlı inkişafa təsir göstərən qlobal problemdir. Onun qarşısının alınması üçün antimikrob preparatlardan düzgün və məsuliyyətli istifadə, vaksinasiya, erkən diaqnostika, infeksiyaların profilaktikası, sanitariya-gigiyena qaydalarına riayət olunması və ətraf mühitin qorunması vacibdir.
2026–2036-cı illər üçün yenilənmiş Qlobal Fəaliyyət Planı ölkələri və müxtəlif sektorları antimikrob preparatlara davamlılığın azaldılması istiqamətində əlaqələndirilmiş fəaliyyətə çağırır. Planın əsas hədəfləri bakteriyaların antimikrob preparatlara davamlılığı ilə əlaqəli insan ölümlərinin, aqrar-ərzaq sektorunda antimikrob preparatların istifadəsinin, eləcə də davamlı mikroorqanizmlərin və dərman qalıqlarının ətraf mühitə yayılmasının azaldılmasıdır. Başlıca məqsəd həyatqurtarıcı dərmanların effektivliyini qorumaq və sağlamlıq üçün yaranan riskləri minimuma endirməkdir.
Unutmayaq ki, antibiotiklər virus mənşəli infeksiyaların müalicəsində təsirli deyil. Onlardan düzgün və məsuliyyətli istifadə mövcud dərman vasitələrinin effektivliyinin qorunmasına və gələcək nəsillərin sağlamlığının təmin edilməsinə töhfə verir. Antimikrob preparatlardan düzgün istifadə edək, onların effektivliyini gələcək nəsillər üçün qoruyaq!
