Uşaq və yeniyetmələrin sağlamlığının qorunması və xəstəliklərin profilaktikasına dair seminar-müşavirə keçirilib
Ana səhifə › Xəbərlər › Uşaq və yeniyetmələrin sağlamlığının qorunması və xəstəliklərin profilaktikasına dair seminar-müşavirə keçirilib
Uşaq və yeniyetmələrin sağlamlığının qorunması və xəstəliklərin profilaktikasına dair seminar-müşavirə keçirilib
23/11/2026
Uşaq və yeniyetmələrin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin təşviqi məqsədilə Sabunçu rayonu 74 saylı tam orta məktəbdə seminar-müşavirə keçirilib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumtəhsil Müəssisələri üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə həmin qurumların, eləcə də Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Seminar çərçivəsində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən yoluxucu xəstəliklərin profilaktikası, sanitar-gigiyenik qaydalara riayət olunması, helmintozlardan qorunma yolları, zərərli vərdişlərin uşaq və yeniyetmələrin sağlamlığına mənfi təsirləri, həmçinin uşaqların icbari dispanserizasiyasının düzgün təşkili mövzularında məruzələr təqdim olunub.
Təqdimatlar əyani materiallar və slaydlarla müşayiət edilib. Daha sonra mövcud problemlər, onların aradan qaldırılması yolları və profilaktik tədbirlərin səmərəliliyinin artırılması ətrafında müzakirələr aparılıb.
Çıxışlarda uşaqların sağlamlıq vəziyyətinin mütəmadi tibbi nəzarətdə saxlanılmasının, xəstəliklərin erkən mərhələdə aşkarlanmasının və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinin sağlam nəslin formalaşmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Seminar-müşavirə səhiyyə və təhsil qurumları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, uşaq və yeniyetmələrin sağlamlığının qorunması istiqamətində maarifləndirmə işinin genişləndirilməsi və profilaktik tədbirlərin təşviqi baxımından əhəmiyyətli olub.